ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın Böyük Britaniyaya girişinə qadağa qoyula bilər.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, buna səbəb Donald Trampın bu yaxınlarda söylədiyi “müsəlmanların Amerikaya girişinə qadağa qoyulsun” açıqlaması olub.
ABŞ prezidentliyinə namizədin bu açıqlamasına cavab olaraq Böyük Britaniyada “Donald Trampın İngiltərəyə girişi qadağan olunsun” kampaniyasına başlanılıb. Kampaniya ilə bağlı Böyük Britaniya hökumətinin rəsmi internet səhifəsində petisiya yaradılıb. Qısa vaxt ərzində Donald Trampın əleyhinə 300 mindən çox imza toplanaraq müzakirə olunmaq üçün İngiltərə parlamentinə göndəriləcək. Parlamentin müzakirəsindən sonra isə imzalar təsdiqlənmək üçün İngiltərə Baş Nazirliyinə ünvanlanacaq.
Xatırladaq ki, ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərində respublikaçıların prezidentliyə namizədlərindən biri olan iş adamı, daşınmaz əmlak milyarderi Donald Trampın Azərbaycanda da biznes ortağı mövcuddur.
Donald Trampın Azərbaycandakı “Trump Hotel and Tower”yə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib.