Ərzaq məhsullarının qiymətində artım qeydə alınıb.
Trend-in məlumatına görə, Bakının ərzaq malları satılan mağazalarında qiymət artımını açıq şəkildə görmək mümkündür. Belə ki, Masazır qəsəbəsində fəaliyyət göstərən iki "Araz market"də və sözügedən ərazidəki digər bir neçə marketdə aparılan müşahidələr bunu deməyə əsas verir. Məsələn, adıçəkilən qəsəbədəki marketlərdə əvvəllər 85 qəpiyə satılan 100 qramlıq “Berqa” çayı indi mağazaların piştaxtalarında 1 manat 20 qəpikdən təklif olunur. 2 litrlik qarğıdalı yağı 35 qəpik bahalaşaraq 5 manat 15 qəpik olub. 200 qramlıq Rusiya istehsallı “Kalinka” yağı isə 20 qəpik bahalaşıb. 70 qəpiyə olan sözügedən yağlar hazırda 90 qəpiyə satılır.
Unun da qiymətində bahalaşma müşahidə olunur. Bir ay öncə 1 kiloqramı 35 qəpiyə olan “Karmen” unu hazırda alıcılara 40 qəpiyə təklif olunur. Bahalaşma konfetlərdən də yan keçməyib. Məsələn, əvvəllər 8 manat 50 qəpiyə satılan Rusiya istehsallı “Monblan” konfetləri indi 9 manat 50 qəpikdən aşağı deyil.
Eyni mənzərəni Sumqayıtda da müşahidə etmək olar. Bu şəhərdəki ən böyük mağazalardan olan "Ucuz" market və "Karvan" ticarət mərkəzinin yaxınlığında yerləşən digər mağazalarda da bəzi ərzaq məhsullarının qiyməti bahalaşıb. Bahalaşan məhsullar arasında ən çox hiss ediləni yağ və un məhsullarıdır. Məsələn, əvvəllər 11 manat 20 qəpiyə satılan 5 litrlik "Blendo" qarğıdalı yağının qiymətində 35 qəpik artım müşahidə edilir. Bir ay əvvəl 40 qəpiyə satılan Rusiya istehsallı "Makfa" unu isə hazırda alıcılara 50 qəpikdən təklif olunur.
Alıcılar isə bayram ərəfəsində bu cür qiymət artımının gözlənilən olduğunu deyirlər: “Biz artıq belə qiymət artımlarına öyrəşmişik. Çünki bu, ilk belə hal deyil. Bundan əvvəl də hər il bayramlarda istədikləri məhsulların qiymətini artırırdılar. Bunun əziyyətini isə biz çəkirik. Çünki qiymətin artması bizə təsir edir. İstədiyimiz məhsulu ala bilmirik”.
Başqa bir alıcı da qiymətlərin artmasını adi hal kimi qəbul edir: “Qiymətlərin artması məni daha təəccübləndirmir. Bütün bayramlar ərəfəsində məhsulların qiymətini süni olaraq artırırlar. Müşahidə aparsanız görərsiniz ki, daha çox bayram günlərində lazım olan məhsulların qiyməti artırılıb. Amma narahat olmağa dəyməz, yəqin ki, bayramdan sonra yenə qiymətlər azalacaq. Gərək məhsullara elə qiymət qoysunlar ki, hər kəs bayramı ürəyi istəyən kimi keçirə bilsin”.
Qiymətlərin birdən-birə artmadığını, bunun tədricən baş verdiyini bildirən satıcılar isə deyir ki, ucuzlaşan məhsullar da var: “Ümumiyyətlə, qiymət artımı müşahidə olunur. Ona görə də demək olmaz ki, qiymət artımı bayramla əlaqədardır. Mütəmadi olaraq alış-veriş edənlər bunu daha yaxşı bilər. Əsas bahalaşan isə şirniyyat və şirniyyat bişirmək üçün lazım olan ərzaqlardır. Digər məhsullar arasında isə hətta eləsi var ki, qiyməti azalıb”.
Digər satıcı qiymətlərin istehsalçı şirkətlər tərəfindən artırıldığını iddia edir: “Məsələn, əvvəl 100 qramlıq “Berqa” çayı 75 qəpiyə gəlirdi və biz də onun üzərinə 10 qəpik qoyub satırdıq. Amma indi 1 manat 5 qəpiyə gəlir. Ona görə də məcburuq ki, üzərinə 10-15 qəpik qoyub sataq”.
Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Trend-ə bildirib ki, təmsil etdiyi qurum mütəmadi olaraq istehlak bazarına nəzarət edir: “Nazirlik müşahidələr, baxışlar, müayinələr yolu ilə istehlak bazarına nəzarəti davam etdirir. Bu nəzarət tədbirləri zamanı ərzaq məhsullarının qiymətində dəyişiklik qeydə alınmayıb”.