“Günəşəli” yatağının birinci fazasında yanğın söndürülüb. Bir quyunun ağzı bağlanıb və digərlərinin ram edilməsi prosesi gedir”.
Publika.az xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, itkin düşən neftçilərin axtarışı hər gün FHN və Sərhəd Qoşunlarının təyyarə və gəmiləri tərəfindən davam etdirilir: “Havanın pis olduğu günlərdə belə axtarışlar aparılır. İndiyə qədər 6 neftçimiz tapılıb. Biz axtarışları digər üsullarla da davam etdirəcəyik. Ora yaxın quyuların, estakadaların diblərində də axtarışlar aparılacaq. Sadəcə olaraq, hazırda əsas estakadanın dibində işləmək mümkün deyil. Çünki orada soyutma işləri aparılır və texnikanı ora yaxınlaşdırmaq mümkün deyil”.
Nazir itkin düşmüş neftçilərin ailələrinə səbirli olmağı arzulayıb: “Bu işlər birbaşa cənab prezidentin nəzarətindədir və hər gün ona məruzə edilir. Bu, təbii fəlakət nəticəsində baş vermiş texnogen qəzadır. Bundan heç kim sığortalanmayıb. Sadəcə olaraq, bu, bizi gələcəkdə daha diqqətli olmağa vadar edir. Ümumiyyətlə, belə qəzalar Xəzər dənizində olub. Həmçinin, dənizdə itkin düşmüş balıqçıları axtarışları da həyata keçirilib. FHN-nin axtarış və xilasetmə üçün bütün texnikası var. Sadəcə olaraq, hava şəraiti olduqca pisdir. Külək saatda 140 kilometr, dalğa isə 10 bal gücündə idi. Buna görə axtarış və xilasetmə çətin oldu. Qəzadan sonra hava şəraiti yaxşılaşan kimi bir çox işlər görüldü”.
Kəmaləddin Heydərov qeyd edib ki, qəzanın aradan qaldırılması, itkin düşmüş neftçilərin axtarışlarının həyata keçirilməsi üçün bir çox ölkədən, o cümlədən Rusiyadan kömək təklifləri gəlib: “Lakin bizim buna öz gücümüz yetir. Çünki onların texnikası da bizimki ilə eynidir. Son 10 ildə FHN ən müasir texnika və cihazlarla təmin olunub. Sadəcə hava şəraiti imkan vermədi. Xəzər dənizinin neft tarixində ən güclü qəza 1957-ci ildə olub. Ondan sonra bu qədər böyük qəza baş verməmişdi”.
Nazir əlavə edib ki, hər kəs axtarış və xilasetmə işlərinin hər gün həyata keçirildiyini bilməlidir: “Bizim qərargah əhalini bu haqda məlumatlandırır. Lakin biz dövlət və xalq qarşısında borcumuzu yerinə yetiririk. Bu bizim vəzifəmizdir. Bəzi adamlar başqa cür iddialar ortaya atırlar. Amma əminəm ki, nə vaxtsa onların vicdanı oyananda təbii fəlakətlərin, xilasetmə işlərinin nə olduğunu anlayacaqlar. Bu işləri həyata keçirən xilasedicilər öz həyatlarını riskə atdılar. Kimlərsə bizim iqtidarı, yaxud nazirliyimizi sevmir və yanlış mövqe sərgiləyir. Amma inkişaf edən, qüdrətlənən Azərbaycanda belə şeylər nəzər çarpmır. Heç kim onlara əhəmiyyət verməsin. Azərbaycan dövləti hər zaman xalqının yanındadır”.