Baytarlıq Nəzarəti Xidməti "Quş qripi” monitorinqinin nəticəsi açıqladı
Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) "Quş qripi”nə dair monitorinqin nəticələrini açıqlayıb.
DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Teleqraf.com-a verdiyi xəbərə görə, növbəti monitorinqin yaz fəslində aparılması nəzərdə tutulur.
Yolçu Xanvəlinin sözlərinə görə, dekabrın 7-dən “quş qripi” xəstəliyi ilə əlaqəli ölkə ərazisində DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb. Nəzarət köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də ölkənin dənizsahili zonalarında həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürülüb.
“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl quşunun patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 2068 baş ev quşunun qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib. DBNX bununla əlaqədar bildirir ki, müayinələr dekabrın 18-də başa çatıb və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib.
DBNX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, havaların getdikcə soyuması ilə əlaqədar ev və sənaye quşları baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.
DBNX ölkəmizin quş qripi xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında “quş qripi” xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yaz fəslində aparılmasını nəzərdə tutur.
Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabit olduğunu bildirən Yolçu Xanvəli bu sabitliyi qoruyub saxlamaq üçün DBNX-nin aidiyyəti qurumlarla birgə lazımi tədbirlər görüldüyünü vurğulayıb.
NİGAR