4 Fevral 2016 12:37
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “donuz qripi” xəstəliyi ilə əlaqədar təhsil müəssisələrində əlavə tədbirlər həyata keçirilməyə başlanılıb.

Teleqraf.com-un məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən yanvarın 19-da əmr hazırlanıb. Əmrə əsasən, bütün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində şəhər dezinfeksiya stansiyaları tərəfindən dezinfeksiya işləri aparılır.

Afaq Əiyeva bildirib ki, Səhiyyə Nazirliyinin göstərişinə əsasən məktəblərdə, uşaq bağçalarında uşaqlar tibbi baxışdan keçirilir. Hər hansı şəxsdə resperator virus infeksiyası qeydə alınarsa, həmin uşaq müəssisədən kənarlaşdırılmalıdır. Ondan sonra həmin şəxslər haqqında müvafiq qurumlara məlumat verilməlidir. Ərazi poliklinikası tərəfindən onların müalicəsi həkim təyinatı altında aparılacaq.

Afaq Əliyeva əlavə edib ki, Azərbaycanda “donuz qripi” ilə əlaqədar dərman preparatları, dezinfeksiyaedici maddələr, müxtəlif qoruyucu ləvazimatlarla təminat yüksək səviyyədədir: “Azərbaycanla həmsərhəd olan ölkələrdə “donuz qripi” hadisələri qeydə alınır. İndi həm də hava-damçı yolu ilə keçən infeksiyaların yayılma mövsümüdür. Bütün bu əlavə tədbirlər “donuz qripi”nin Azərbaycana gətirilməsinin qarşısının alınmasına yönəlib və yüksək səviyyədə həyata keçirilir”.

Hazırda Azərbaycanda epidemioloji durumun sabit olduğunu deyən A.Əliyeva qeyd edib ki, ölkədə bu günədək “donuz qripi” xəstəliyi qeydə alınmayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər