“Bundan əvvəl olduğu kimi, Xocalı faciəsinin 24-cü ildönümündə də TRT Azərbaycanın səsi olmağa davam edəcək”.
Bu barədə Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Bakı təmsilçisi Yıldıray Arslan bildirib.
Y.Arslan qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Xocalı soyqırımı ilə əlaqədar olaraq, faciə şahidlərinin iştirakı ilə 20 dəqiqəlik xüsusi veriliş hazırlanacaq, həmçinin TRT AVAZ telekanalının koordinatoru Murat Akkoçun iştirakı ilə fevralın 25-də Qız Qalasının, fevralın 26-da isə “Ana Fəryadı” memorial kompleksinin qarşısından canlı yayım aparılacaq: “Bununla yanaşı, həmin gün “TRT Haber” telekanalının “Günlük” proqramında da Xocalı faciəsi il bağlı veriliş yayımlanacaq”.
Onun sözlərinə görə, TRT bundan əvvəlki illərdə də Xocalı soyqırımı ilə bağlı silsilə verilişlər hazırlayıb və yayımlayıb.
Y.Arslan deyib ki, Xocalı soyqırımı baş verdiyi gündən etibarən Türkiyə ictimaiyyətində əks-səda doğurub: “Xocalıda yaşanan faciənin istər Türkiyə ictimaiyyətinə, istərsə də dünyaya çatdırılması üçün TRT üzərinə düşən məsuliyyətli işi artıqlaması ilə yerinə yetirib. Dolayısıyla, TRT bu faciənin dünyaya çatdırılması Xocalının səsi olub”.
Bakı təmsilçisi bildirib ki, Türkiyə xalqı da azərbaycanlıların ürəyini qanadan Xocalı ağrısını hər zaman özündə hiss edib və Azərbaycan xalqının səsinə səs verib: “Xocalıya ədalət bu faciəni unutmamaq və unutdurmamaqla mümkündür. Bunun üçün həm media qurumlarına, həm faciənin şahidlərinə, həm də ictimaiyyətin üzərinə ciddi məsuliyyət düşür”.
O, hesab edir ki, hər şeydən əvvəl bütün gücləri birləşdirərək, hamı bir hədəfə vurmalı, “Xocalının səssiz fəryadı”na səs verməyə çalışmalıdır: “Xocalıya ədalət haqq səsimiz soyqırımı törədənlərin səsi qədər gur çıxanda mümkün olacaq. Ənənəvi toplantılar keçirməklə dünyadan nəticə gözləmək xoş niyyət nümayiş etdirmək deməkdir. Faciəni dünyaya çatdırmaq eşitmək istəməyənə eşitdirmək, görmək istəməyənə göstərməklə mümkündür”.
Y.Arslan vurğulayıb ki, faciənin dünyaya çatdırılması üçün ortaq coğrafiya, mədəniyyət və ortaq imkanlardan yararlanmaq lazımdır: “Düşünürəm ki, faciənin dünyaya çatdırılması üçün ilk növbədə birgə sənədli, bədii filmlər hazırlamaq, birgə beynəlxalq tədbirlər təşkil etmək və gələcək nəsillərə çatdırmaq lazımdır. Gücümüzü parçalamaq əvəzinə birləşdirmək lazımdır”.
Səxavət