“Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin aparılması məqsədilə Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri və Abşeron rayonundakı məktəbəqədər və ümumtəhsil müəssisələrində dezinfeksiya işlərinin həyata keçirilməsi başa çatdırılıb.
Bunu Teleqraf.com-a Bakı Şəhər Dezinfeksiya Stansiyasının mütəxəssisi Kamalə Cəfərova bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əmrinə müvafiq olaraq, Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri və Abşeron rayonunda 466 bağça, 536 orta məktəb dezinfeksiya edilib.
Bakıda bağça və ümumtəhsil müəssisələrindən əlavə olaraq, qalan 76 tədris müəssisəsinin - 21 lisey, 14 internat, 2 gimnaziya, 6 təhsil kompleksi, 8 peşə məktəbi, 15 kollec, 10 ali məktəbin də dezinfeksiyası yekunlaşıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Trend-ə bildirib ki, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri və Abşeron rayonundakı orta məktəb və bağçaların dezinfeksiyası başa çatdırılsa da, digər tədris müəssisələrinin - lisey, gimnaziya, internat, ali məktəblər və yaradıcılıq evlərinin dezinfeksiyası hələ davam etdirilir. Bu şəhərlərdə dezinfeksiya tədbirlərinə yanvarın 23-dən başlanılıb və fevralın 15-də başa çatdırılacaq.
Qeyd edək ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda indiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosundan Trend-ə bildirilib ki, Azərbaycan qripin intensivliyinə görə aşağı səviyyəli ölkə hesab edilir. Azərbaycan qripin yayılmasına görə Avropa regionunda sporatik, yəni təsadüfi rast gəlinən, tendensiyasına görə isə azalma müşahidə edilən ölkə kimi dəyərləndirilir.
ÜST-nin Avropa Regional Bürosunun İctimai sağlamlığın təhlükəsizliyi və yoluxucu xəstəliklər bölməsinin direktoru Nedret Emiroğlu isə Trend-ə bildirmişdi ki, virusun yayıldığı ölkələrdə, xüsusilə gənclər, hamilə qadınlar arasında A/H1N1 qripindən ağır yoluxma və ölüm hallarının artımı gözlənilə bilər.