Cəbrayıl rayon məkəzi xəstəxanasının 1 saylı sahə xəstəxanasının həkim-pediatrı Eldar Məmmədovun qanunsuz əməlləri barədə Cəbrayıl rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı Eldar Məmmədovun Biləsuvar rayonu ərazisində məskunlaşmış 130 nəfər Cəbrayıl rayon sakininə, o cümlədən 81 nəfər 16 yaşına çatmamış şəxsə əlillik dərəcəsi verilməsi adı ilə həmin şəxləri aldadaraq onlardan və ailə üzvlərindən ümumilikdə 184 min manat məbləğində pulu dələduzluq yolu ilə almasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası və təqsirkar şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Barəsində cinayət işi başlanan və hazırda Biləsuvarda yaşayan Eldar Məmmədov Teleqraf.com-a danışıb.
Həkim bildirib ki, düşdüyü vəziyyətlə bağlı o özü 3 ay əvvəl prokurorluğa müraciət edib: “Əvvəla, prokurorluğa mən özüm müraciət etmişəm. Üstümə dələduz damğası vurub camaat məni tutdururdu. Mən də ona görə könüllü olaraq özüm getdim prokurorluğa başıma gələnlərlə, həyatımı gözləyən təhlükə ilə bağlı onlara müraciət etdim”.
Eldar Məmmədov günahsız olduğunu deyib: “Mənim bu olanlarda günahım yoxdur. Bunu zərərçəkən camaat da təsdiqləyə bilər. Görün, mən hansı vəziyyətə düşdüm ki, axırda özüm öz ayağımla prokurorluğa gedib onları məlumatlandırdım”.
Eldar Məmmədov deyir ki, baş verənlərdə əsas fiqur 33 saylı Tibbi Sosial-Ekspertiza Komissiyasının (TSEK) sabiq sədri Mustafa İbadov olub. Həmin şəxs 2013-cü ilin noyabrında tutduğu vəzifədən azad olunub: “Pensiyaya çıxmaq istəyən adamlardan pulu yığıb Mustafa İbadova çatdırmağa vasitəçilik edən isə Malik Mehdiyev adlı şəxs idi.
Sənədləri saxtalaşdırmağa vasitəçiliyi də Cəbrayıl Rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov edib. Mənim burada işim saxta sənədləri imzalamağım olub.
Buna səbəb işdən çıxma qorxumun olması idi. Deyirdilər, imzalamasan işdən azad edəcəyik. İndi də mənim təqdim etdiyim siyahıdakı adamların çoxusu pensiya almadığına görə məni həbslə hədələyir.
Dələduzluq ittihamı mənim boynumda qalır, ona görə prokurorluğa müraciət etməli oldum. Aylardır adını çəkdiyim adamların qapısında qalmışam, heç biri yeyintini nə boynuna alır, nə də aldıqlarnı qaytarır ki, camaatın pulunu versinlər.
Mən dəfələrlə Hüseyn Əhmədova, Mustafa İbadova, Malik Mehdiyevə də dedim ki, bu işin axırı yaxşı olmayacaq. Heç indi də maraqlanmırlar. Onların yediyi pul mənim boynumda qalıb. Ona görə də getdim prokurorluğa müraciət etdim”.
Naibə QURBANOVA