Zarui Postancyan: “Sifariçi rolunda prezident Sərkisyan çıxış edir”
Ermənistan Milli Məclisinin sədr müavini Ermine Naqdalyanın son açıqlaması təcavüzkar ölkədə ciddi şəkildə müzakirə və mühakimə olunmaqdadır. Teleqraf.com xəbər verir ki, hətta bir neçə gündür “Feysbuk”da E.Naqdalyanın istefaya çağıran xüsusi qrup da yaradılıb.
Milli Məclisin müxalifətçi “İrs” Partiyasından olan deputatı Zarui Postancyan bildirib ki, yüksək çinli məmur və hakim Respublika Partiyasının nümayəndəsi olan E.Naqdalyanın belə bir bəyanat səsləndirməsi təsadüfi deyil: “Bu bəyanat qəsdən səsləndirilib və onun sifarişçisi rolunda prezident Sərkisyan çıxış edir. Ona görə ki, o özü birmənalı şəkildə bildirib: “Biz orada xüsusən ona görə yerləşdirmə aparmırıq ki, oranı qaytaracağıq”, “Məgər Ağdam bizim vətənimizdir?”
Sərkisyan 2011-ci ildə Madrid və Kazan sənədlərini imzalamağa hazır idi. Başqa sual ondan ibarətdir ki, hansı məqsədlə bu sifariş verilib – cəmiyyətin reaksiyasını yoxlamaq üçün, yoxsa doğrudan da bu artıq günün çağırışıdır ki, Sərkisyan artıq ona məhəl qoymaya bilmir?!”
Z.Postancyanın sözlərinə görə, təkcə AŞ PA-dakı nümayəndə heyətinin tərkibini (E.Naqdalyan həm də AŞ PA-dakı Ermənistan nümayəndə heyətinin sədridir – S.Həmid) deyil, bütün hakimiyyəti yuxarıdan aşağıya doğru dəyişmək lazımdır.
Xatırladaq ki, E.Naqdalyan Milli Məclisdə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: “Biz deyirik ki, kompromisə gedirik. Bizim kompromis işğal olunmuş 5 rayon deyil, tam Madrid prinsipləri kompleksidir. Xalqı təqdim edən qüvvələr kimi biz dinc suveren dövlətimiz, öz torpaqlarımız uğrunda mübarizə aparırıq. Ona görə də biz referendumun nə vaxt keçiriləcəyinə, statusun nə vaxt müəyyənləşəcəyinə dair çağırış edirik. Dünya Qarabağın müstəqilliyini tanıdıqdan sonra biz sizin torpaqları, yaxud torpaqları – hansısa ki, bizim hüququmuz yoxdur – istəmirik. Bu torpaqlar (işğal olunmuş 7 rayon nəzərdə tutulur – S.Həmid) bizim üçün “bufer zona”dır və bizim təhlükəsizliyimizin təminatçısıdır”.
Qeyd edək ki, E.Naqdalyanın sözügedən bəyanatı Azərbaycan mediasında da rezonans doğurub.
Səxavət HƏMİD