Zahid Oruc: "Hər il bu tədbirlər ən yüksək səviyyədə, hökumət, dövlət strukturlarının iştirakı ilə keçirilir"
Elman Nəsirli: "Bu tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi şəhidlərin ruhuna hörmətdir"
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib.
Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Tədbirlər planını şərh edən Milli Məclisin deputatı Zahid Oruc deyib ki, akademik Ramiz Mehdiyevin hər il imzaladığı sənədlə Azərbaycan dövləti 20 Yanvar hadisələrinə ən yüksək qiymət verir. Onun sözlərinə görə, bununla, həmçinin bir millət olaraq bu hadisəyə hazırlığımızı və 20 Yanvar şəhidləri qarşısındakı vəzifə borcumuzu özündə ifadə edən addımlar atılmış olur: "Hər il bu tədbirlər ən yüksək səviyyədə, hökumət, dövlət strukturlarının iştirakı ilə keçirilir və builki Planda da buna dair mühüm müddəalar yer alıb. Nəzərə almaq lazımdır ki, bu, öz-özlüyündə sadəcə bir anım mərasimləri deyil. Eyni zamanda, dövlətin quruculuğunun, milli həyatın təşkilinin, gələcək hansısa təhlükələrdən özünü qorumanın mühüm bir aksiyasıdır. Yəni, əslində, həmin proseslərə yenidən dönmək, onu təhlil etmək, dərslər almaq milləti böyüdür, qaldırır və istənilən problemlərə qarşı hazırlıqlı edir. Azərbaycan dövləti adına bu tədbirlərə belə önəm verilərkən biz sadəcə keçmişimizi yada salmırıq, onlara dəyər verdiyimizi göstərmirik, eyni zamanda, bugünki milli vəzifələri də müəyyənləşdirmək üçün addımlar atırıq".
Deputat qeyd edib ki, 20 Yanvar bir qan yaddaşı olmaq etibarilə təkcə dünənin yox, həm də gələcək dövrün ictimai-siyasi, mənəvi-psixoloji dialoq hadisəsidir, cəmiyyətlə hər zaman ünsiyyət imkanıdır: "Çünki insanlar həmin gün daha artıq dərəcədə duyğusal olurlar. Bu mənada, düşünürəm ki, Azərbaycanın təhsil sistemində, ictimai təsisatlarında, dövlət qurumlarında, elə parlamentində də 20 Yanvar hadisələrinin 25 illiyi ilə bağlı müxtəlif işləri, tədbirləri reallaşdırmaq gərək olacaq. Ona görə də bizim hər birimiz bu sərəncamı yüksək qiymətləndirməliyik".
Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli bildirib ki, 20 Yanvar hadisələrinə ölkəmizdə siyasi qiymət verilib və ilk belə bir qiyməti ümummilli lider Heydər Əliyev verib. Bundan sonra hər il 20 Yanvar hadisələri ilə bağlı həm ölkə daxilində, həm də dünyanın müxtəlif ölkələrində səfirliklərimiz, diaspor təşkilatlarımız tədbirlər keçirir, 20 Yanvar hadisələri ilə bağlı həqiqətləri dünyaya çatdırırlar: "Eyni zamanda, bu hadisələrin törədilməsində birbaşa məsuliyyət daşıyan insanların hələ də hüquqi səviyyədə cəzalandırılmadıqları da bəllidir və bu məsələlər də hər zaman diqqətdə saxlanılır. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin imzaladığı bu planda da ölkə daxilində və dünyada 20 Yanvarla bağlı müxtəlif tədbirlərin keçirilməsi məsələləri öz əksini tapıb. Əsas məqsəd ondan ibarətdir ki, ilk növbədə 20 Yanvar hadisələri ilə bağlı həqiqətlər dünyada yayılsın. Eyni zamanda, 20 Yanvar hadisələrinə görə məsuliyyət daşıyan tərəflərin məsuliyyətdən yayınmamaları, yəni onların öz layiqli cəzalarına çatmaları üçün bu tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz bununla da, eyni zamanda, dünyanın diqqətini Azərbaycanın üzləşdiyi problemə cəlb edirik. Haqqında bəhs etdiyimiz sənəd çox vacib bir sənəddir və onun ən yüksək səviyyədə həyata keçirilməsi 20 Yanvar şəhidlərinin ruhuna hörmətdir".
Səxavət HƏMİD