Azərbaycan Fransada törədilən terroru qınadı
Yanvarın 7-də bir neçə silahlı şəxs Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” həftəlik satirik jurnalının redaksiyasına basqın edərək 12 nəfəri qətlə yetirib. Hadisə zamanı 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Dünən yaralanmış daha bir nəfərin xəstəxanada vəfat etməsi ilə qurbanların sayı 13-ə yüksəlib.
Redaksiyaya hücum səhər iclası zamanı baş verib. İclasda “Charlie Hebdo” jurnalının bütün əməkdaşları iştirak edib. BBC telekanalının məlumatına görə, basqın Kalaşnikov avtomatları ilə silahlanmış və “Allahu əkbar” sədaları səsləndirən iki qara maskalı şəxs tərəfindən törədilib. İki nəfər polisin də aralarında olduğu 12 nəfəri qətlə yetirən yaraqlılar hadisə yerindən qara rəngli avtomobillə uzaqlaşıblar. Ölənlərin arasında, həmçinin jurnalın aparıcı karikaturaçı-rəssamları Kabu (Jan Kabu), Şarb (Stefan Şarbonye), Tiqnu və Volinski də var.
İlkin versiyalar
Redaksiyaya edilən silahlı hücum İŞİD-in qisası ola bilər. Belə ki, hadisədən təxminən bir saat əvvəl jurnala aid Twitter səhifəsində İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin karikaturası yayımlanıb. Hazırda redaksiyaya məxsus Twitter səhifəsi bağlıdır. Rusiyanın NTV telekanalının yaydığı xəbərə görə, Fransa telekanallarında çıxış edən ekspertlər hücumun dəqiqliklə planlaşdırıldığını qeyd edirlər.
Euronews telekanalı hücumun jurnalın son sayında yazıçı Mişel Uelbekin siyasi antiutopiya janrında yazılmış romanının dərci ilə bağlı ola biləcəyini qeyd edir. Bu romana əsasən Fransada 2022-ci ildəki seçkilərdə milliyyətçilərin lideri Marin Le Pen üzərində qələbə çalan islamçı-prezident hakimiyyətə gəlir. Əsərin qəhrəmanı əvvəl Fransada, daha sonra isə digər Avropa dövlətlərində islam qanunlarını bərqərar etməyə başlayır və Parisdə Pasxa əvəzinə Ramazan bayramı qeyd olunur.
“Charlie Hebdo” jurnalı haqqında məlumat
Solçu və dünyəvi mövqe tutan, karikatura, reportaj və lətifələr dərc edən “Charlie Hebdo” satirik jurnalı 1969-cu ildə Paris şəhərində təsis olunub. Redaktoru jurnalın redaksiyasına yanvarın 7-də edilən silahlı hücum zamanı həyatını itirən Stefan Şarbonye idi.
Jurnal 2006-cı ildə Məhəmməd peyğəmbərlə bağlı karikaturalarla əlaqədar qalmaqal yaşayıb.
Məhəmməd peyğəmbərlə yanaşı, jurnalın hədəfinə başqa dinlərin də nümayəndələri düşüb.
2011-ci ilin noyabr ayında redaksiya Tunisdə “Ən-Nəhda” islam hərəkatının qələbəsinə xüsusi buraxılış həsr edib. Bu hadisə ilə bağlı qəzetin adı dəyişdirilərək fransız dilindən tərcümədə “şəriət həftəliyi” mənasına gələn “Charlie Hebdo” ilə əvəzlənib, nəşrin manşetində Məhəmməd peyğəmbərin karikaturası yerləşdirilib. Bu hadisədən sonra redaksiya hücuma məruz qalıb və bina yandırılıb.
2012-ci ilin sentyabr ayında jurnal yenidən Məhəmməd peyğəmbərlə bağlı karikaturalar dərc etməyə başlayıb. Həmin buraxılış Amerikada çəkilmiş “Müsəlmanların məsumluğu” filminə həsr olunub.
Hücumda şübhəli bilinən bir neçə nəfər saxlanıldı
Jurnalın redaksiyasına edilən silahlı hücumda şübhəli bilinən bir neçə nəfər saxlanılıb. "France-Presse" informasiya agentliyi xəbər verir ki, bu barədə Fransanın Baş naziri Manuel Vals bildirib.
Baş nazirin sözlərinə görə, hadisə yerindən qaçan silahlılar şəhərin kənarında buraxdıqları oğurluq avtomobildə onların birinə - Səid Kauşiyə aid sənədi unudublar. Nəticədə polislər Parisdə Əlcəzair əsilli ailədə anadan olan 34 yaşlı Səid Kauşi və onun 32 yaşlı qardaşı Şəriflə, eyni zamanda, 18 yaşlı işsiz Həmid Muradı da hadisədə şübhəli bilərək axtarışa başlayıblar.
Məlumatlara görə, hadisə ilə bağlı ən azı yeddi nəfər saxlanılıb. Həmid Muradın könüllü təslim olduğu, Səid Kauşi və onun qardaşı Şərifin axtarışlarının isə davam etdiyi bildirilir.
KİV-lər təslim olan Həmid Muradın günahkar olmadığını və bunu sübut etmək üçün polis məntəqəsinə gəldiyini yazırlar. Gəncin dostları redaksiyaya silahlı hücum zamanı onun məktəbdə olduğunu deyiblər. Hazırda polis bu informasiyanı yoxlayır.
Fransada matəm elan olundu
Hadisə ilə bağlı Fransada üç günlük matəm elan olunub. Bunu Fransa prezidenti Fransa Olland bəyan edib.
“Yanvarın 8-də, günorta terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Mən bütün vətəndaşlarımızı anımda iştirak etməyə çağırıram. Matəmlə əlaqədar ölkədə 3 gün bayraqlar yarıya endiriləcək”, - deyə F.Olland bildirib.
Qeyd edək ki, Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində də bayraqlar endirilib. Dünən Bakı vaxtı ilə saat 15:00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Fransada məscidlərə hücum oldu
Terror aktından sonra Fransada bir neçə məscid hücuma məruz qalıb. Hələlik bu hücumların təfərrüatları və bir-biri ilə əlaqəsi hələ dəqiqləşməyib.
Dünən səhər saatlarında naməlum şəxslər tərəfindən Le-Man şəhəri yaxınlığındakı Sablon məscidinin həyətinə bir neçə əl qumbarası atılıb. Qumbaralardan ancaq biri partlayıb, heç kim xəsarət almayıb.
Daha bir hücum Od departamentinin Por-la-Nuvel şəhərində baş verib. Cinayətkarlar axşam namazından təxminən 1 saat sonra şəhərdəki məscidi tapançadan atəşə tutublar. Həmin anda məscid boş olduğuna görə ölən və yaralanan olmayıb.
Vilfranş-Sür-Son şəhərindəki məscidin yaxınlığında yerləşən restoranda da parlayış baş verdiyi bildirilir. Zərərçəkənlər barədə ətraflı məlumat yoxdur. İstintaq aparılır.
“Hər hansı təcavüz və ya qətlin din adından törədilməsi yolverilməz haldır”
Qafqaz Müsəlmanları İdarəsi Fransada törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, biz, müsəlmanlar insan qətlini, zor, təcavüz və terroru hər zaman pisləyirik. Bu baxımdan Fransada baş verən son terror hadisəsini ciddi qınayırıq. İnsan həyatı uca Allahın yaratdığı müqəddəs dəyərdir və ona edilən təcavüz böyük günahdır. Bu günahı törədənlər həm Allah dərgahında, həm də bəşəri qanunlar qarşısında cavab verəcəklər”.
YAP teraktı pislədi
“Yeni Azərbaycan Partiyası (YAP) Fransanın paytaxtı Paris şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktını qətiyyətlə pisləyir və bəşəriyyətin bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəklədiyini bir daha bəyan edir”.
YAP-ın mətbuat xidmətindən verilən məlumata görə, bu fikirlər partiyanın Parisdə törədilmiş terror aktı ilə bağlı bəyanatında əksini tapıb.
Bəyanatda deyilir: “Səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edirik. Dəfələrlə terrorçuların əməllərindən əziyyət çəkən Azərbaycan xalqı bu cür cinayətlərin cəmiyyətə nə qədər bəlalar gətirdiyinin şahididir.
Azərbaycan xalqı, hər bir azərbaycanlı terrorizmə qarşıdır və həmişə bütün dünyanı ona qarşı birləşməyə çağırıb. Müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir, lakin bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz. Bütün Fransa xalqına başsağlığı verir, ağır faciəni törədənlərin layiqli cəza alacaqlarına inamımızı ifadə edirik”.
“Dəfələrlə peyğəmbərlə bağlı qeyri-etik hərəkətlərə yol verilib”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Fransada jurnalistlərin öldürülməsi hadisəsinə münasibət bildirib.
M.Qurbanlı terror aktına münasibətinin olduqca mənfi olduğunu vurğulayıb: “Bununla bağlı möhtərəm prezidentimiz Fransa Prezidentinə öz başsağlığı mesajını verib. Həmin mesajda da Prezidentimiz bu məsələni qətiyyətlə pisləyib. Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkədir. Ona görə də biz hər cür terrorizmi qətiyyətlə pisləyirik. Xüsusilə də terrordan öz məqsədləri üçün istifadə etmək istəyənlərin əleyhinəyik. Amma xristian, qeyri-islam dünyası bütövlükdə bir məsələni anlasın ki, müqəddəslər, peyğəmbərlərlə bağlı hər hansı hərəkətin edilməsi əks reaksiya doğurur. Buna çox ehtiyatla yanaşmaq lazımdır. Dəfələrlə qərb mətbuatında Məhəmməd peyğəmbərlə, Qurani-Kərimlə bağlı qeyri-etik hərəkətlərə yol verilib. Xatırladım ki, ABŞ-da Quranı yandırırdılar və bunu da televiziyalar göstərirdilər”.
Komitə sədri bunu dinlər və mədəniyyətlərarası dialoqa mənfi təsir göstərən hal kimi qiymətləndirib: “Lakin bu cür hərəkətlərin hansısa terrorla aradan qaldırılması istəklərini pisləyirik. Hesab edirik ki, əgər kimlərsə müqəddəslərə toxunursa, bu cür hərəkətləri yol verənləri ictimai qınaqla, müxtəlif tədbirlər keçirərək, bunun yolverilməzliyini həmin topluma çatdırmaqla həll etmək lazımdır. Hər hansı silaha əl atmaq, əlbəttə, yol verilən deyil. Ona görə də Fransada törədilən terror hərəkəti başa düşülən deyil, yolverilməzdir və bu, əslində, İslam dünyası ilə xristian dünyası arasında olan ziddiyyətləri daha da dərinləşdirir, islamafobiyanı qərb dünyasında gücləndirir, tədricən qarşıdurmanı daha da mürəkkəbləşdirir. Hesab edirik ki, terrorun vətəni milliyyəti, fərdiliyi yoxdur, terror elə terrordur”.
Əflatun Amaşov bəyanat verdi
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Fransanın “Çharlie Hebdo” jurnalının redaksiyasına olan silahlı basqınla bağlı bəyanat verib. Bəyanatda deyilir: “Çharlie Hebdo” jurnalının redaksiyasına olan silahlı basqın nəticəsində bu kütləvi informasiya vasitəsinin əməkdaşlarının qətlə yetirilməsini dərin hüzn və böyük üzüntü ilə qarşıladıq. Belə bir olayın Avropanın mərkəzində, söz və ifadə azadlığı kimi demokratik dəyərlərin beşiyi sayılan Fransada baş verməsi xüsusilə sarsıdıcıdır. Bu hadisə XXI əsrdə terrorun qorxunc mahiyyətini bir daha ortaya qoymaqla beynəlxalq aləmin, xüsusən də mütərəqqi media ictimaiyyətinin ona qarşı ciddi şəkildə səfərbər olmasını zərurətə çevirir. Əminəm ki, Qafqazda tolerantlıq modeli statusuna sahib Azərbaycanın media cameəsi mövcud zərurəti tam anlamıyla dərk edir, terroru, onu himayə edənləri qətiyyətlə pisləyir".
Ə.Amaşov qeyd edib ki, “Çharlie Hebdo” jurnalının redaksiyasında baş verən kütləvi qətlin hansı səbəbdən baş verməsi hələlik məlum olmasa da, istənilən halda dəhşətli hadisənin fikir plüralizminə qarşı atılan addım mahiyyəti daşıdığı daha çox ehtimal edilir: “Məhz buna görə də onu törədənlər layiqli cəzalarını almalıdırlar. Bu, demokratik Avropa üçün son dərəcə vacib məqamdır”.
Səxavət HƏMİD