16 Dekabr 2015 09:11
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 ili tamam olur. 2005-ci dekabrın 16-da Prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış qurum mühüm və əhəmiyyətli təsisat olaraq ötən 10 ildə şərəfli yol keçib.

Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğından mühafizənin, su hövzələrində insanların və kiçik həcmli gəmilərin hərəkətinin, eləcə də sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Yarandığı vaxtdan effektiv nəticələr əldə etmək üçün nazirlik beynəlxalq əməkdaşlığı da prioritet məsələ kimi diqqətdə saxlayıb. Qısa müddət ərzində Rusiya, Türkiyə, Fransa, Gürcüstan, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr yaradılıb. Beynəlxalq və regional təşkilatlarla da əməkdaşlıq inkişaf etdirilir.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri artıq qeyd elədiyimiz kimi kifayət qədər genişdir. Bura eyni zamanda mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirilməsi də daxildir.

Bundan başqa qurum:

- Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir.
- Mülki müdafiəni, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir.
- Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir.
- Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

23 qurumu birləşdirir

Prezident İlham Əliyevin diqqəti sayəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olunub. Xarici ölkələrdən lazımı sayda ən müasir texnika, xilasetmə ləvazimatları, xüsusi geyimlər, texniki vasitələr, cihazlar alınıb. Nazirliyin Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin iş prinsipi yüksək standartlar səviyyəsində qurulub. "112" qaynar xətti 24 saat ərzində ölkənin iri şəhərlərindəki şəhərdaxili telefonlardan, həmçinin bütün növ mobil operatorlardan ödənişsiz zəngləri cavablandırır.

Nazirliyin tərkibində 23 qurum fəaliyyət göstərir. Əhalinin və ərazilərin fövqəladə hallardan etibarlı surətdə mühafizə edilməsi məqsədilə respublika üzrə Nazirliyin 9 regional mərkəzi yaradılıb. Eyni zamanda baş verə biləcək yanğın-qəza hallarının aradan qaldırılması məqsədilə ölkənin əksər regionlarında Yanğından Mühafizə Hissələri üçün yeni inzibati binalar istifadəyə verilib.

Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin də yeni binası inşa olunub.

Azərbaycan Prezidenti liham Əliyev Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədi ilə 2008-ci il iyunun 2-də "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında" sərəncam imzalayıb, 10 iyul 2009-cu il tarixli fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsini təsdiq edilib və akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması məqsədilə öz qapılarını kursantların üzünə açıb.

Dövlət başçısının 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanının icrası ilə əlaqədar olaraq nazirlik tərəfindən göstərilən xidmətlərdə informasiya texnologiyalarının tətbiqi istiqamətində müvafiq işlər həyata keçirilib, elektron xidmətlər sistemi istifadəyə verilib. Nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə dövlət başçısının müvafiq fərmanı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb.

"FHN-nin yaranması ölkə həyatında çox əlamətdar bir hadisə idi"

2011-ci il fevralın 23-də İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim edib.

İlham Əliyev bildirib ki, mülkü müdafiə qoşunlarının Bakıda və Qəbələdə hərbi hissələrinin yaradılması Fövqəladə Hallar Nazirliyinin istənilən şəraitdə fövqəladə hallara cavab tədbirlərin görülməsinə, hadisələrə çevik və operativ reaksiya verilməsinə hər zaman hazır olduğunu bir daha nümayiş etdirir: "Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar bir hadisə idi. Həyat göstərdi ki, nazirliyin yaranmasında böyük zərurət var idi. Nazirliyin bütün strukturlarında formalaşma prosesi demək olar ki, başa çatıb və nazirliyin fəaliyyəti hazırda ən yüksək standartlara cavab verir.

Bu müddət ərzində nazirliyin əməkdaşları nəinki ölkə daxilində, xaricdə peşəkarlıqlarını nümayiş etdiriblər. Başqa ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində nazirliyin əməkdaşları Azərbaycanı ləyaqətlə təmsil etmişlər, bizim üçün dost olan ölkələrdə təbii fəlakətlərlə mübarizədə böyük uğurlar əldə etmişlər. Nazirliyin əməkdaşlarının fəaliyyəti digər ölkələrdə də qiymətləndirilir".

Fövqəladə Hallar Nazirliyin qüvvələri ölkə ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında, yanğınların söndürülməsində, subasmaya məruz qalan ərazilərdə, sürüşmə zonalarında yaranan təhlükələrin aradan qaldırılmasında, zərərçəkən əhaliyə ilkin tibbi xidmətin göstərilməsində, xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstəriblər.

Belə çətin sınaqlardan biri dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı nazirliyin əməkdaşlarının göstərdiyi xidmətdir. Qeyd edək ki, həmin vaxt yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib, daha sonra güclü yanğın baş verib.

Yanğın zonasına Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopteri cəlb olunub.

Təsis edilən medal və ali hərbi rütbə

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2015-ci il 4 dekabr tarixli 33-VQD nömrəli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Nazirliyin qüvvələri ötən müddət ərzində zəlzələdən zərərçəkmiş insanlara kömək məqsədilə İrana, subasmadan zərərçəkmişlərə kömək məqsədilə Gürcüstana humanitar yardımlar çatdırıb. 2011-ci il oktyabrın 23-də Türkiyənin Van vilayətində baş verən güclü zəlzələ zamanı Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət zonasına 200-dən çox xilasedici, 1400 çadır, 2300 yataq ləvazimatı və digər lazımi əşyalar göndərilib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncama əsasən nazirliyin hərbi qulluqçularına ali hərbi rütbə verilib.

Bütün görülən işlər deməyə əsas verir ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi Azərbaycan vətəndaşlarının təhlükəsiz yaşayışının, iş və istirahətinin təmin olunması üçün hər an hazırdır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər