2 Yanvar 2023 17:22
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəblərini açıqlayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

17:03

Bu gün saat 16:00 radələrində Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında partlayış olub.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

***

16:14

Bakıda yaşayış binasında partlayış olub.

Teleqraf.com xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Eyni zamanda, partlayış baş verən əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.


Müəllif: Teleqraf.com