Tanışını qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon prokurorluğundan bildirilib.
Fevralın 16-da 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanın paytaxtın Nəsimi rayonunda yerləşən hotellərdən birinin pəncərəsindən yıxılaraq xəsarət alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla 1995-ci il təvəllüdlü Şükür Qənbərovun qeyd edilən tarixdə aralarında yaranmış mübahisə zamanı Sücayət İbrahimovanı döyməsi, daha sonra onu öldürmək niyyətilə hotelin altıncı mərtəbəsində yerləşən otağın pəncərəsindən aşağı ataraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Şükür Qənbərova Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.