16 Avqust 12:35
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***

Zəhərlənənlərin vəziyyəti ilə bağlı TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab verilib.

Məlumatda qeyd olunur ki, 15 avqust tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

"51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir".

***

10:16

Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

Teleqraf.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.

İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər