15:10
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstara rayonun Dağ Kəsəmən kəndində qətlə yetirilən 61 yaşlı Fatma Musayevanın həyat yoldaşı Elman Musayev hadisə ilə bağlı bəzi təfərrüatları danışıb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə baş verəndən sonra polislər ondan evinə kimlərin gəldiyini soruşub.

"Rəis mənə soruşdu ki, siz qozu harada satırsız? Cavab verdim ki, biz qoz satmırıq. Sən demə, Zülfiyyə digər qonşunun müşahidə kamerasına düşübmüş. Hadisə zamanı evimdən 7 min manat pulu da götürüb. "

Elman Musayev qətli törətməkdə şübhəli bilinən 49 yaşlı Zülfiyyə Musayevaya verdiyi borcdan da danışıb:

"Zülfiyyə iyun ayında mənə dedi ki, min manat pul lazımdır. Mən elə hiss elədim ki, daha öncə yoldaşıma deyib, yoldaşım razılaşmayıb. Bizə dedi ki, oktyabr ayında pulu verəcəm. Oktyabr qurtardı, dedik, noyabrı gözləyək. Yoldaşıma dedim, pulu versin. Yenə iki ay çəkdi. Axırıncı dəfə dedim, denən pulu qaytarsın. Təxminən 20-gün, bir ay olar, pulu verib. Əvvəllər aralarında heç bir problem olmayıb. Qohumuq, əmimoğlunun yoldaşıdır".

Qeyd edək ki, hadisə zamanı Zülfiyyə Musayeva Fatma Musayevaya boğaz nahiyəsinə kəsici alətlə zərbə vuraraq onu qətlə yetirib.

***

13:07

Ağstafa rayonunda 61 yaşlı Fatma Musayevanın qonşusu və qohumu Zülfiyyə Musayeva tərəfindən qətlə yetirilməsinin yeni təfərrüatları məlum olub.

Teleqraf.com-un yerli bürosunun xəbərinə görə, iki qadın arasında münaqişə borc üstündə baş verib.

Belə ki, Fatma Musayeva Zülfiyyə Musayevadan ötən ilin iyun ayında təxminən min manat borc pul alıb. Zülfiyyə Musayevanın həyat yoldaşı pulu qaytarmayan Fatma Musayevadan borcu almağı tələb edib.

Hadisədən təxminən 20 gün öncə Fatma Musayeva aldığı borcu geri qaytarsa da qadınların arasında mübahisə davam edib. Nəticədə Zülfiyyə Musayeva qonşusu və qohumu olan Fatmanı qətlə yetirib. O, izi itirmək üçün evdən qoz da aparıb. Lakin Zülfiyyə Musayevanın digər görüntüləri yaxınlıqdakı müşahidə kamerasına düşüb.

Fatmanın ölümünü ilk olaraq qonşular bilib. Mərhumun tələbə qızı atasına zəng edərək anası ilə danışa bilmədiyini deyib. Kənarda olan ata qonşuya zəng edərək xahiş edib ki, həyat yoldaşına telefonu götürməli olduğunu desin. Evə gələn qonşu Fatmanı qan içərisində öldüyünü görüb.

Məlumat üçün bildirək ki, öldürülən Fatma Musayeva ilə qətli törətməkdə şübhəli bilinən 49 yaşlı Zülfiyyə Musayevanın həyat yoldaşları qohumdur.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

***

10:01

Ağsatafa rayonunun Dağ Kəsəmən kəndində qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf.com-un qərb bürosu xəbər verir ki, rayonun Dağ Kəsəmən kəndində yaşayan 1964-cü il təvəllüdlü Fatma Musayeva qətlə yetirilib.

Polis hadisəni törərməkdə şübhəli bilinən 49 yaşlı Zülfiyyə Musayevanı saxlayıb. Məlumata görə, qohum olan şəxslər həm də qonşuluqda yaşayıblar.

Hadisə Fatma Musayevanın evində baş verib. Onun boğaz nahiyəsində bir neçə bıçaq zərbəsinin izləri müəyyən edilib.

Qətlə yetirilən və hadisəni törədən xanımların hər ikisi ailəlidir. Fatma Musayevanın bir qızı, Zülfiyyə Musayevanın isə iki oğlu var.

Qonşuların sözlərinə əsasən, tərəflər arasında daha öncə heç bir problem yaşanmayıb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb.

Fotoda: Fatma Musayeva


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər