Türkiyədə terrora son qoyulması və PKK terror təşkilatının ləğvi üçün başlanan yeni prosesin ikinci mərhələsinə keçilir. PKK lideri Abdullah Öcalanla ilk görüşdən sonra siyasi partiyalarla təmaslarını tamamlayan DEM Partiyasının heyəti baş terrorçu ilə İmralıda (həbsxana) ikinci görüşə hazırlaşır. Siyasi partiyalarla danışıqların nəticələri bu görüşdə dəyərləndiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, DEM-dən ikinci görüşün yanvarın 15-də keçirilə biləcəyi ilə bağlı mesajlar olsa da, hələlik dəqiq tarix müəyyənləşməyib:
“Hökumət də prosesin uzadılmasını istəmir. PKK-nın buraxılmasına dair çağırışa gəlincə, ikinci və ya üçüncü görüşdə Öcalanın lazımi addımı atacağına dair qətiyyət var. Bu proses zamanı bazarlıq olmayacaq.
İkinci və ya üçüncü görüşdən sonra körpə qatili Öcalanın Qəndillə birlikdə təşkilatın Suriya və Avropadakı qanadlarına da çağırış edəcəyi bildirilir. Bu çağırışlarda Öcalanın “muxtariyyət və ya federasiya” tələbinin olmadığı və təşkilatdan bu tələblərdən əl çəkərək silahlı mübarizəyə son qoymasını istəyəcəyi deyilir”.
Məlumatda qeyd edilir ki, pərdə arxasında bu çağırışın hansı üsulla ediləcəyi ilə bağlı da müzakirələr aparılır:
“Terrorçu Öcalanın yazılı mətn yayacağı ehtimalı yüksək olsa da, dövlətin icazəsi ilə audio-video yazı ola biləcəyi də düşünülür.
Bildirilir ki, DEM Partiyasının heyəti siyasi partiyalarla görüşlərində Öcalanın özü və ya Suriyada “muxtar bölgə” yaradılması ilə bağlı heç bir tələbinin olmadığını çatdırıb”.
“Türkiyə” yazır ki, Suriyada yeni dövrün başlaması ilə Ankara terror təşkilatı liderlərinin bu ölkədən çıxarılması ilə bağlı ABŞ və Dəməşqlə də danışıqlar aparır:
“Türkiyə ölkəni tərk etməli olan təşkilat rəhbərlərinin siyahısını artıq Suriya rəhbərliyinə verib. Öcalanın çağırışları ilə eyni vaxtda Suriyanın yeni rəhbərliyi tərəfindən bu təşkilatların rəhbərlərinin ölkəni tərk etməsinə icazə veriləcəyi gözlənilir. Təşkilatın digər üzvlərinin də silahlarını yerə qoyması və Suriyada yeni administrasiyaya inteqrasiyası üçün yol açılacaq”.