Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.
Qeyd edək ki, S.Şərifov 2006-cı ilin aprel ayının 18-dən maliyyə naziri vəzifəsində çalışıb.
O, 7 sentyabr 1961-ci ildə anadan olub.
1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.
1983-1991-ci illərdə keçmiş SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı, 1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini işləyib.
1995-2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Departament direktoru, baş direktor vəzifələrini tutub.
2001-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyib. Eyni zamanda 2003-2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri olub.
Samir Şərifov 2006-cı il aprelin 18-də Azərbaycan Respublikasının maliyyə naziri təyin olunub. Həmin vaxtadək maliyyə naziri postunu Əvəz Ələkbərov tuturdu.
Samir Şərifov eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.
6 avqust 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov "Şöhrət" ordeni ilə təltif olunub.
Evlidir, üç övladı var.