9 Yanvar 18:57
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək və sürətli sərnişindaşıma qabiliyyətinə malik nəqliyyat sistemi hesab edilən metro əvvəlki mobilliyini itirməkdədir. Belə ki, qatarlar stansiyalarda 2-3 dəqiqə gözləyir, hərəkət intervalında gecikmələr olur. Düzdür, “Bakı Metropoliteni” mövcud texniki imkanlar daxilində intervalı 2 dəqiqədən aşağı müəyyən etməyin mümkün olmadığını irəli sürür. Lakin reallıqda intervallar 2 yox, hətta 4 dəqiqədən aşağı deyil.

Teleqraf.com xəbər verir ki, qatarların stansiyada yubanması intervalların pozulmasına səbəb olur. İntervalların norma həddini aşması isə qatarların hərəkət intensivliyini azaltmaqla, stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının iki qat artmasına gətirib çıxarır.

Əvvəllər “Bakı Metropoliteni” rəsmiləri stansiyalarda yubanmanı sərnişinlərin minib-düşənlərə yol verməməsi, vaqona minərkən qapı zonasında dayanmaları ilə əsaslandırırdılarsa, artıq bu hallar baş vermədən də qatarlar stansiyalarda, tunellərdə gözləyir.

Məsələ ilə bağlı “Bakı Metropoliteni”nin münasibətini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov sorğumuza yaxın günlərdə cavab verəcəyini açıqladı.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, Bakı şəhərində 57 ildən çoxdur metro fəaliyyət göstərir. Metronun səmərəli fəaliyyəti üçün mövcud olan 3 xəttin cəmi 2 deposu var. Həmçinin xətlər eyni müstəvidə kəsişir: “Bu problem “28 May” stansiyasında açıq şəkildə özünü göstərir. Vəziyyəti düzəltmək üçün əlavə xətlərin tikilməsi ilə yanaşı, “28 May” stansiyasında eyni müstəvidə kəsişən iki xəttin ayrılmasına ehtiyac var. Bu intervala birbaşa təsir göstərəcək. Digər tərəfdən tikintisinə 2016-ci ildən başlanılan Bənövşəyi xəttin şəhər mərkəzinə çatdırılması böyük axın olan şimal istiqamətindən daşımanı təmin edəcək. Hazırda “20 Yanvar” stansiyasında sıxlığın səbəbi Yaşıl xəttin daha intensiv işləməsidir. Belə ki, “Avtovağzal”stansiyasında qatara minən sərnişin yaşıl xəttə keçid edərək şəhər mərkəzinə gəlir. Bənövşəyi xəttin şəhər mərkəzinə çatdırılması metronun “Avtovağzal” stansiyasının funksionallığını artıracaq. Stansiyaların yükünün parçalanmasına səbəb olacaq”.

Metro nəqliyyatına investisiyalar artırılmalıdır deyən ekspert hesab edir ki, yeni qatarlar alınmalı, stansiyaların sayı çoxaldılmalıdır.

Yeri gəlmişkən, “Bakı Metropoliteni”nin rəsmi açıqlamasına görə, yaxın 3 ildə 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatarın xəttə buraxılması planlaşdırılır. Bu qatarlardan 7-nin və yaxud 35 vaqonun 2024-cü il ərzində Bakıya gətirilməsi nəzərdə tutulurdu. “81-765 Б/766 Б” seriyalı 7 qatardan 2-si artıq Bakıya çatdırılıb.

Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. İddia olunur ki, bütün bunlar sərnişin tutumunun artmasına şərait yaradacaq. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçün hesablanıb. Vaqonlar arasında birbaşa keçidlər sərnişin salonunun 15 faiz genişlənməsinə və daha çox sərnişin daşımağa şərait yaradacaq.

Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə Bakı metropoliteni üçün ən mühüm məsələlərdən biri kimi, sərnişinlərin daha sürətli minib-düşməsini təmin edəcək.

Onu da qeyd edək ki,1967-ci il noyabrın 6-da istifadəyə verilən "Bakı Metropoliteni"nin 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var. Gün ərzində metro ilə 650 minədək, aylıq 18-20 milyon, il ərzində isə 200 milyondan artıq sərnişin daşınır. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən 208,6 milyon nəfər istifadə edib. Bu da metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayının 5,3 faiz artması deməkdir.

Qurumun maliyyə göstəricilərinə gəlincə, nizamnamə kapitalı 2 milyard 580 milyon 638 min manat, ötən ilin əvvəlində vergi borcu 17.2 milyon manat, yığılmış zərəri 560 milyon manatdan çox olub. 2024-cü ildə dövlət büdcəsindən "Bakı Metropoliteni"ninə 50.1 milyon manat subsidiya ayrılıb. 2025-ci ilin büdcəsindən bu məqsədlə 27,7 milyon manat subsidiya nəzərdə tutulub. Büdcədən maliyyə dəstəyinin məqsədi metropolitenin sərnişindaşımadan əldə etdiyi vəsaitlərin xərcləri qarşılamamasıdır. Konkret olaraq "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti illərdir sərnişindaşıma xidməti tariflərinin maya dəyərindən aşağı olmasından şikayət edir. Qurumun maliyyə hesabatlarındakı zərərin səbəbi kimi də bu göstərilir.

Bu arada qurum son maliyyə hesabatını 2020-ci ildə açıqlayıb. "Bakı Metropoliteni"ni rəhbərləyi mətbuata açıqlamalarında son iki il üçün maliyyə hesabatının müstəqil auditin yoxlamasında olduğunu irəli sürür. Bildirilir ki, normativ tələblərə uyğun olaraq, bu rəy alındıqdan sonra hesabatlar dərc olunacaq, hətta bir sərnişinin neçəyə başa gəlməsi sənədlərdə əyani şəkildə göstəriləcək. Xatırladaq ki, 3 il əvvəl metropoliten rəhbərliyi bir sərnişinin daşınma xərcinin 68 qəpik olduğunu iddia edirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər