Rusiya Ukrayna münaqişəsində qalib gəlsə, ABŞ 2029-cu ilə qədər müdafiə xərclərini 808 milyard dollar artırmalı olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Sahibkarlıq İnstitutunun hesabatında deyilir.
AEI ekspertləri ABŞ-nin hərbi yardımının dayandırılacağı təqdirdə Ukraynanın məğlubiyyətə uğrayacağını iddia edirlər. Belə olan halda Rusiya ilə NATO arasında sərhədlər xeyli dəyişə bilər ki, bu da Avropa ölkələrinə təhlükəni artıracaq. Bundan əlavə, Rusiyanın qələbəsi ABŞ-nin Asiyadakı mövqeyinə təsir edəcək və bu da əlavə müdafiə xərcləri tələb edəcək.
Hesabatda vurğulanır ki, bu amilləri nəzərə alsaq, Rusiyanın Ukraynadan kənarda qeyri-nüvə təcavüzünün qarşısını almaq və lazım gələrsə, dəf etmək üçün Vaşinqtonun 808 milyard dollara ehtiyacı olacaq. Nəticədə, Pentaqonun 2029-cu ilə qədər ümumi xərclər planı 4,4 trilyon dollardan 5,2 trilyon dollara yüksələcək, bu da hər il əlavə olaraq 165 milyard dollar deməkdir.
2022-ci ildən bəri Konqres Ukraynaya kömək üçün Pentaqona artıq 112 milyard dollar ayırıb. Bunun da böyük hissəsi ABŞ daxilində silah istehsalına xərclənir. Araşdırmaya görə, bu xərclər Kiyevin məğlubiyyəti zamanı potensial əlavə xərclərin təxminən yeddidə birini təşkil edir.