Respublikaçı Alternativ Hərəkatının (REAL) nümayəndəsi Erkin Qədirli sosial şəbəkələrdə kilsənin siyasətə təsiri mövzusunda fikirlərini paylaşıb.
Teleqraf.com xəbər verir ki, E.Qədirli son günlər Papanın bəzi ölkələrdə verdiyi açıqlamaların üzərində xüsusilə dayanıb: "Roma Papası bir neçə gün öncə çeşidli ölkələrdən olan hakimlərin qarşısında çıxış edərkən deyib ki, qlobal problemlərin həllində kilsənin siyasətə qarışmaq borcu var. Və sonra da əlavə edib ki, kilsə böyük siyasətə girməlidir.
Bu sözlərin hər nə qədər xoş niyyətlə söyləndiyini güman etsək belə, (hərçənd, məndə belə güman yoxdur), dinin siyasətə qarışmasında yaxşı bir nəsə yoxdur. Problem ondadır ki, bu gün dünyanın çeşidli yerlərində din (dini təşkilatlar) siyasətə qarışamağa başlayır. Bəzən, dar düşünən siyasətçilər də dini siyasətin alətinə çevirməkdən çəkinmir. Avropada, Rusiyada və başqa yerlərdə Xristianlıq, Orta Doğuda İslam, Hindistanda Hindu dini üzərində siyasətlər yapılır, dini qruplar siyasətə atılır. Bunun çox zaman zorakı yollarla edildiyini görə bilirik.
Azərbaycan onsuz da çox çətin coğrafiyada yerləşir, qonşularımızdan biri bizə açıq-aşkar düşməndir, başqaları da bu düşmənlikdən bizə qarşı faydalanır. Bölgədə gedən təhlükəli proseslərin içinə dini təsirlərin də girməsi hamı üçün əlavə problemlər yaradır. Mən daha öncə də yazmışdım, təkrarlamaqdan yorulmayacağam: Azərbaycan üçün dünyəvilik - müstəqillik məsələsidir. Ölkəmiz dünyəviliyini itirərsə, müstəqilliyini də itirmiş olacaq. Buna yol vermək olmaz. Dünyəviliyin qorunması və gücləndirilməsi üçün millətçiliyin önəmi böyükdür".
Sonda E.Qədirli qeyd edib ki, onun bu fikirləri dini etiqad azadlığına qarşı yozmağa əsas yoxdur.
Cavad