22 İyul 2014 16:09
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qolf Federasiyası idmanın bu növünün ölkəmizdə inkişafı, populyarlaşması istiqamətində görülən tədbirləri davam etdirir.

Məlumata görə, artıq bu ayın sonunda - iyulun 31-dən avqustun 3-dək Qubadakı Milli Qolf Klubunda Azərbaycanın tarixində ilk dəfə olaraq beynəlxalq əhəmiyyətli “Challenge tour” keçiriləcək.

Dünyanın müxtəlif ölkələrindən 156 adlı-sanlı qolfçunun iştirak edəcəyi bu möhtəşəm yarış Azərbaycanda qolf idmanı tarixində çox əhəmiyyətli bir hadisə olacaq.

Azərbaycan Qolf Federasiyası həmçinin qolfun ölkəmizdə populyarlaşdırılması üçün aksiyalarını davam etdirir. Məhz bu ənənəyə sadiq qalaraq, Federasiya bütün arzu edənlər üçün dünyanın ən istedadlı gənc qolfçuları - Thomas Björn, Martin Kaymer, Henrik Stenson kimi qolf uduzlarla birgə qolf oynamaq imkanı yaradacaq.

Böyük “Challenge tour” başlamasından bir gün əvvəl - iyulun 30-da Qubadakı Milli Qolf Klubunda yuxarıda adları çəkilən qolf istedalarının iştirakı ilə bütün arzu edənlərə qolf üzrə qısa təlimatlar keçiriləcək, qolf ustaları öz təcrübələrini idmanın bu növünə maraq göstərən hər bir şəxslə paylaşacaqlar.

1 peşəkar və 3 həvəskardan ibarət 18 komanda PRO-AM (Professional - Amateur), yəni Peşəkar - Həvəskar tipli yarışda güclərini sınayacaqlar.

/ans press/


Müəllif: