Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella futbolçusu Arda Güləri məşqdən uzaqlaşdırıb.
Teleqraf.com xəbər verir ki, onun bu hərəkəti birmənalı qarşılanmayıb.
Belə ki, məşq zamanı Montella Gülərdən formanı alaraq futbolçu Yusuf Yazıcıya verib. Bu zaman A.Gülər özünü itirib və nə edəcəyini bilməyib.
Baş məşqçi bir çox tanınmışlar tərəfindən də tənqidlərə məruz qalıb.
Türkiyəli müğənni Mustafa Sandal Vinçenzo Montellanın bu hərəkətini hörmətsizlik adlandırıb: “Bu cəsarəti haradan və kimdən alırsan? Ölkəmizin qüruru olan övladına, onun istedadına məşq zamanı göstərdiyin o münasibət nədir? Bura Türkiyədir və türk futbolsevərlər ağlını alar, nə etdiyini bilməzsən”.
Sosial şəbəkələrdə çoxsaylı tənqidlərdən sonra Türkiyə Futbol Federasiyası (TFF) da açıqlama yayıb.
Açıqlamada bildirilib: “Arda Gülərin qasıq ağrısı səbəbindən və Çexiya matçına daha yaxşı hazırlaşması üçün məşqlərə fərdi olaraq qatılması qərarı texniki heyətimiz və futbolçularla apardığımız müzakirələr əsasında verilib”.
Qeyd edək ki, Montella Portuqaliya ilə oyunda da Ardanı ehtiyat oyunçular skamyasında saxlamışdı. Səbəb kimi isə futbolçunun yorğun olduğu bildirilmişdi.
Həmin görüntüləri təqdim edirik: