Azərbaycan millisi məğlubiyyət seriyasını davam etdirib.
Teleqraf.com xəbər verir ki, Fernandu Santuşun yetirmələri ardıcıl 4-cü məğlubiyyətini alıb.
Millətlər Liqasında ötən ay İsveçə evdə 1:3, Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzan komandamız oktyabrı da xalsız başa vurub. Millimiz Estoniyada meydan sahiblərinə, ardınca Bakıda Slovakiyaya eyni – 1:3 hesabı ilə məğlub olub.
Yığmamızın uduzmadığı son matç iyunun 11-də baş tutub. Qazaxıstanla Macarıstanda keçirilən yoldaşlıq görüşündə millimiz 3:2 hesabı ilə qalib gəlib.
İlk rəsmi matçını 1992-ci ildə keçirən yığmamızın daha uğursuz seriyaları da olub. Bu baxımdan antirkord 1994-95-ci illərə təsadüf edib. Həmin vaxt Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda ardıcıl 11 yenilgi alıb.
Amma indiki komandamız da antirekord müəllifi olmağı bacarıb. Çünki indiki seriyanın "özəlliyi" var. Söhbət ardıcıl 4 qarşılaşmada 2 və ya daha çox top fərqilə uduzmaqdan gedir. Son iki aydakı bütün məğlubiyyətlər elə 2 top fərqi ilə qeydə alınıb.
Ardıcıl 4 oyunda 2 və ya böyük fərqlə məğlub olmaq 32 illik tarixin antirekordunun təkrarıdır. İndiyədək 2 dəfə belə uğursuz seriya yaşanıb.
1994-95-ci illərdə Mircavadovlu yığma İsrail və Fransaya eyni – 0:2, ardınca Slovakiya və Rumıniyaya da eyni – 1:4 hesabı ilə məğlub olub. Bu dördmatçlıq seriyadan əvvəl də, sonra da nisbətən kiçik - 0:1 hesablı məğlubiyyət olub.
Həmin antirekord 26 il sonra Canni de Byazi ilə təkrarlanıb. 2021-ci ildə Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburq millimizə hərəyə üç qol vurub. İlk iki uğursuzluq quru hesabla olubsa, sonrakı iki qarşılaşmada yığmamız da bir dəfə fərqlənib. Həmin seriyanı İrlandiya (1:1) və Qətərlə (2:2) heç-heçələr əhatə edib.
Qeyd edək ki, dörd oyunluq ən azı 2 top fərqli məğlubiyyət seriyalarından birincisi Avropa, ikincisi dünya çempionatının seçmə mərhələsində yaşanıbsa, bu dəfə Millətlər Liqasına təsadüf edib