4 Avqust 2016 10:29
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin reallaşması Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin diqqət mərkəzindədir".

Bunu Teleqraf.com-a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Nadir Əzməmmədov açıqlamasında bildirib ki, bu, həmin ölkələrin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan digər ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq: "Ölkələr arasında imzalanmış müqaviləyə əsasən, 2016-cı ilin avqustunda ilk 10 vaqonun istismara buraxılması nəzərdə tutulub".

Daha sonra bildirilir ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının Gürcüstan hissəsində tikinti işləri davam edir. Gürcüstan hissəsində işlər dörd mərhələdə (Marabda-Tetriskaro (29,2 km), Tetritskaro-Salka (49,7 km), Salka-Axalkalaki (74,1 km), Axalkalaki-Kartsaxi (26,3 km) həyata keçirilir.

I mərhələdə Marabda-Tetriskaro sahəsində (Tetriskaro stansiyası daxil olmaqla) yolun torpaq yatağında, üst quruluşu elementlərində, süni qurğularda, elektrik təchizatı, rabitə və İMB (işarəvermə, mərkəzləşmə və bloklama) qurğularında, mülki və inzibati binalarda reabilitasiya, yenidənqurma və tikinti işləri əsasən başa çatdırılıb. Stansiyalarda qaz, su, istilik və çirkab suların axıdılması xətləri çəkilib və istismara hazırdır. Sahədə qatarların elektrovozla hərəkəti təmin edilib.

II mərhələdə - Tetriskaro-Salka sahəsində (Salka stansiyası daxil olmaqla) reabilitasiya-rekonstruksiya, tikinti işləri əsasən aparılıb.

Sahəyə lifli optik rabitə və işarəvermə kabelləri qoyularaq, üstü örtülüb. Ərazidə rabitə, işarəvermə, mərkəzləşmə qurğularında sazlama işləri aparılır. Stansiyaların vağzal binalarında, mülki və yardımçı binalarda, 111 süni qurğuda işlər əsasən başa çatdırılıb. Nadarbazevi və Bedeni dartı yarımstansiyalarında işlər başa çatdırılıb, elektrik kontakt şəbəkəsində və VL-10 kV AB və PG elektrik ötürücü xəttində dəyişdiriləcək 1924 yeni dəmir-beton dirək dəyişdirilib, kontakt şəbəkəsində reabilitasiya, rekonstruksiya və tikinti işləri yekulaşıb.

III mərhələ - Salka-Axalkalaki sahəsində 179 (4 qar yığımı əleyhinə qalereya, 11 körpü və yol keçidi, 8 daş qırıntılarının axması əleyhinə divar, 25 qar yığını əleyhinə divar, 131 müxtəlif su ötürücü boru) süni qurğuda 25 qar yığımı əleyhinə divarda işlər əsasən başa çatdırılıb. Sahədə yolun üst qurluşu elementləri tam dəyişdirilib.

Trialeti, Pokani və Ninotsminda dartı yarımstansiyalarına yeni avadanlıq və qurğular gətirilərək, onların montajı yekunlaşıb, kontakt şəbəkəsində (1990 dirək basdırılaraq, naqilin asılması), VL-10 kV AB və PG elektrik ötürücü xəttinin reabilitasiya, yenidənqurulma və tikinti işləri davam etdirilir. Trialeti, Taparavani, Pokani və Ninotsminda stansiyasiyalarında vağzal binalarının yenidən qurulmasında işlər əsasən başa çatdırılıb.

Hazırda sahədə lifli optik rabitə və işarəvermə kabelləri qoyularaq, örtülüb, rabitə, işarəvermə, bloklama və mərkəzləşmə qurğuları gətirilərək, onların yerləşdirilməsi və montajı başa çatıb.

Marabda-Axalkalaki sahəsində sınaq yük qatarının hərəkəti təmin edilib.

Axalkalaki stansiyasında vağzal binasının, çeşidləmə parkının, süni qurğuların tikintisində işlər davam etdirilir. Stansiyada təkər cütlərinin dəyişdirilməsi məntəqəsində 1520 mm və 1435 mm izli yollar qoyulub.

Axalkalaki stansiyasını Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) ərazisindəki dəmir yolu ilə birləşdirən, Qırxbulaq çayı üzərindəki 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər başa çatdırılıb, Gürcüstan dövləti tərəfindən istismara qəbul edilib. Bu mərhələdə ən möhtəşəm işlərdən biri də Salka-Axalkalaki sahəsində müxtəlif uzunluqda 4 tunel-qalereyanın (yerüstü tunel) tikintisidir (1165, 600, 500 və 400 metr uzunluğunda). Bunların tikintisinin əsas səbəbi qışda bu yerlərin qarla örtülməsidir. Tunel-qalereyalar qışda hərəkətin ahəngdarlığının pozulmasının qarşısını müəyyən qədər alacaq.

Bundan əvvəl ikinci mərhələdə 2 tunel-qalereya avtomobil keçidi üçün istismara verilib.

IV mərhələdə - Gürüstan ərazisində tikiləcək tunel də daxil olmaqla Axalkalaki (stansiya istisna olmaqla)-Türkiyə sərhədi (Kartsaxi) sahəsində (Kartsaxi stansiyası da daxil olmaqla) dəmir yolunun torpaq yatağında işlər başa çatdırılıb. 51 süni qurğunun tikintisi əsasən başa çatdırılıb, layihə-smeta sənədlərində nəzərdə tutulmamış 3 süni qurğuda işlər davam etdirilir.

Sahənin 26,3 km-nə, Kartsaxi stansiyasının 1 baş və 6 yan yolunda yolun üst quruluşu elementləri (rels, şpal) qoyulub, relslərin qaynaqlanması və yola çınqıl tökülməsi başa çatıb, ərazidə ekoloji tarazlığı saxlamaq üçün 50 mindən artıq ağac əkilib.

Sərhəd stansiyası olan Kartsaxidə vağzal, mərkəzləşdirilmiş post və yardımçı binaların tikintisində tamamlama, digər mülki bina və tikililərdə işlər yekunlaşıb.

Sərhəddə tikilən 4450 metr uzunluğunda körpünün Gürcüstan ərazisinə düşən 2070 metrində (240 m uzunluqda portalla birlikdə) 1830 m uzunluğundakı sahədə üst keçid işləri tamamlanıb, 1780 metr uzunluğunda sahədə yolun alt yatağı qazılıb, 53 metrdə qazma işləri davam etdirilir. Eyni zamanda, tunelin betonlanması işləri aparılır. Betonlama işlərinin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.

Axalkalaki-Kartsaxi sahəsində işçi sınaq qatarının hərəkəti təmin edilib. Reabilitasiya, yenidənqurma və tikinti işlərinin aparıldığı Marabda-Kartsaxi ərazisi relyefinə və iqliminə görə mürəkkəbdir. Dəmir yolu xəttinin mailliyi 35%-dir. Sahədəki ilk stansiya - Marabda dəniz səviyyəsindən 750 metr, 100-cü km-dəki Taparavani stansiyası dəniz səviyyəsindən 2250 m, sonuncu stansiya - Kartsaxi isə dəniz səviyyəsindən 1 850 m hündürlükdə yerləşir.


Müəllif:

Oxşar xəbərlər