11 Avqust 2016 15:18
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin 7 ayında 396 qida zəhərlənmə hadisəsi baş verib. Nəticədə 502 nəfər zəhərlənib. Zərərçəkəndən 1 nəfəri dünyasını dəyişib”.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkimi Zöhrab Quliyev deyib.

Həkimin sözlərinə görə, yay aylarında qida zəhərlənmələrinin əsas səbəbi yeməklərin soyuducuda saxlanmamasıdır: “7 ay ərzində qidadan zəhərlən insanlardan 1 nəfəri – Şabran rayon sakini dünyasını dəyişib. O, ev şəraitində konservləşdirilmiş turşudan zəhərlənib. Ev şəraitində baş verən qida zəhərlənmələrinin dinamikasına nəzarət etmək mümkün olmur. Onu da deyim ki, qidanın saxlanmasında mövsüm başlıca rol oynamır. Bəzi qidalar mütləq donmuş vəziyyətdə saxlanmalıdır. Son zamanlar ölkəmizdə havanın temperaturu 40 dərəcəyə yaxın olur ki, qida uyğun temperaturda saxlanmalıdır”.

Qeyd edək ki, 2015-ci ildə 659 qida zəhərlənməsi hadisəsi baş verib, 912 nəfər zəhərlənib. Baş verən hadisədən 28-i botulizm zəhərlənməsi olub. Zərərçəkəndən 49 nəfərdən 4-ü dünyasını dəyişib.

Zöhrab Quliyev deyir ki, zəhərlənmə qəbul olunan qidanın çirklənmə dərəcəsindən və insanın immunitetindən də asılıdır: “Mədə şirəsinin təsiri ilə mikroorqanizmlər məhv olmağa başlayır və özündən toksin buraxır. Qida bağırsaq sisteminə keçdikdə sorulma zamanı zəhərlənmənin əlamətləri üzə çıxır”.

76 milyon qidadan zəhərlənir, 5 min nəfər ölür

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” qanun yoxdur: “Hələ 4 il əvvəl beynəlxalq təşkilatlar tərəfindən belə bir qanun hazırlanıb, hökumətə təhvil verilib, amma qanun qəbul olunmayıb. Xüsusi ilə sahibkarlar onlar üçün yaradılan rahat şəraitdən son 5 ayda sui-istifadə edirlər. Nəticədə kütləvi qida zəhərlənmələri baş verir. İnfiksion xəstəliklərin də sayı artır və proses davam edir.

Ölkədə qida zəhərlənməsini qeydiyyata alan orqan Səhiyyə Nazirliyidir deyə, Azərbaycanda qida zəhərlənmələrindən ölən insanların sayı dünya göstəricisindən 250 dəfə az göstərilir. Çünki gigiyenik sertifikat verən qurum zəhərlənməni qeydiyyatdan gizlətməkdə maraqlı olur”.

Eyyub Hüseynov deyir ki, digər ölkələrdə qida zəhərlənmələri daha çoxdur: “Amerika Birləşmiş Ştatlarında il ərzində 76 milyon qida zəhərlənməsi qeydə alınır ki, onlardan 5 mini dünyasını dəyişir. Yəni 100 min əhaliyə 26 min qida zəhərlənməsi düşür. Fransada il ərzində 750 min qida zəhərlənməsi olur. 100 min əhaliyə 1210 nəfər qida zəhərlənməsi düşür. Onlardan 400 nəfər ölür.

Azərbaycanda qida zəhərlənməsindən 1-2 nəfər ölür. Bir dəfə görməmişəm Səhiyyə Nazirliyi elan etsin ki, istehsal məhsulundan kütləvi zəhərlənmə baş verib. Sertifikat verən orqanla zəhərlənməni qeydiyyata alan orqanın eyni olması anormal haldır”.

Azad İstehlakçılar Birliyi sədrinin sözlərinə görə, birlik tərəfindən bu həftə bazarlarda monitorinq keçirilib: “Məlum oldu ki, bazarlarda satılan qarpızların 95 faizində nitratların faizi normadan 2-3 dəfə artıqdır. İnsanı zəhərləyən komponent də budur”.

3677 kiloqram qarpız məhv edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziyanın verdiyi məlumata görə, bazarda satılan qarpızların keyfiyyəti ilə bağlı ölkənin topdan və pərakəndə satış məntəqələrində stasionar laboratoriya şəraitində müayinələr aparılır: “Qarpız məhsulunun üzvi tərkibi araşdırılır, məhsullarda ağır metalların normal miqdarı müəyyən olunur. Əgər məhsullarda nitrat və pestisidlərin miqdarı normadan artıq olarsa, o zaman satışdan çıxarılaraq məhv edilir. Mövsüm başlayandan bu günə aparılmış müayinələr nəticəsində 3677 kiloqram qarpız yararsız olduğu üçün satışdan çıxarılaraq məhv edilib”.

DFNX-dən bildirilib ki, əzik, çürüməyə məruz qalmış məhsullar soyuducuda uzun müddət saxlandıqda orqanizmdə mütləq qida zəhərlənməsi baş verir: “Əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuducuda saxlansa və istifadə olunsa, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz.

Eyni zamanda, isti yay günlərində qızmar günəş altında saxlanan və istehlakçılara satılan məhsullardan istifadə zamanı da qida zəhərlənməsi baş verə bilər. Buna görə də istehlakçılara xüsusi şəraitdə saxlanan, örtülü yerlərdə qorunan məhsulları almaq məsləhət görülür”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər