11 Oktyabr 2016 18:35
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici bazarlarda “Made in Azerbaijan” brendi altında malları birləşdirən ayrı-ayrı stellajlar yaradılacaq, Azərbaycan məhsullarının rüsumsuz ticarət mağazalarına - “Duty Free”yə çıxışı dəstəklənəcək.

Bunu Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Prezident İlham Əliyevin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramı və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərmanının icrası üçün nəzərdə tutulan mexanizmlər barədə müsahibəsində deyib.

Onun sözlərinə görə, xarici bazarlara çıxmaq üçün müxtəlif sertifikatların, patentlərin alınması, məqsədli bazarlar üçün ticarət markasının qeydiyyatı tələb olunur: “Buna görə də mexanizmlərdən biri lazımi sertifikatlaşdırma zamanı sahibkarların dəstəklənməsinə yönəlib. İxracatçılara patent, əmtəə nişanı və ya sertifikat almaq üçün çəkilən məbləğin 50 faizi kompensasiya ediləcək, bir şərtlə ki, dəstək məbləği 5000 manatdan çox olmasın”.

Rüfət Məmmədov qeyd edib ki, dövlət ixracın hər mərhələsində ixracatçının yanında olacaq: “İxracatçının özü satış bazarı tapacaq, onu müəyyənləşdirəcək, idxalçı tərəfdaş tapacaq, dövlət isə sərgi, ixrac missiyaları kimi mexanizmlər yolu ilə bu işdə ona kömək edəcək.

Biz güman edirik ki, öncə Avropa, Asiya, Amerikanın iri aeroportlarında “Duty Free” mağazalarına çıxmaq lazımdır - yəni xeyli sayda istehlakçıları əhatə etməyin mümkün olduğu yerlərə.

Hazırda “Duty Free” rəflərində olmaq bizə Azərbaycan məhsullarının hətta tədarük edilmədiyi ölkələrdə tanınmasını artırmaq imkanı verəcək”.


Müəllif:

Oxşar xəbərlər