Bu gün Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda torpaq islahatı-20: nailiyyətlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktiki konfransı öz işinə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, konfransın əsas məqsədi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1996-cı ildə imzalanmasından ötən 20 il ərzində kənd təsərrüfatında əldə edilmiş nailiyyətləri ictimaiyyətin nəzərinə çatdırmaq, bu sahədə görülmüş və görüləcək işləri müzakirə etmək, kənd təsərrüfatının inkişaf istiqamətlərini, hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün səylərin birləşdirilməsinə nail olmaqdır.
Konfransda “Torpaq islahatı, torpaqlardan səmərəli istifadə”, “Aqrar iqtisadiyyat, kənd təsərrüfatının iqtisadi inkişaf istiqamətləri” və “Əkinçilik, kənd təsərrüfatı istehsalının inkişafı, ərzaq təhlükəsizliyi” bölmələri üzrə məruzələr dinləniləcək.
Konfrans 2 gün davam edəcək.