İqtisadçı Samir Əliyev Azərbaycan manatının gələcək məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, o, Qafqazinfo-ya müsahibəsində deyib:
"9 ayın nəticələrinə baxsaq, Neft Fondu 7 milyard 600 milyon büdcəyə transfer etməlidir. Məlum oldu ki, Neft Fondu 9 aylıq büdcədə öz öhdəliyini 58 faiz icra edib. 42 faiz kəsr var. 2 milyarddan çox vəsaitin büdcəyə daxil olmadığı məlum olub. Hökumət dövriyyəyə böyük həcmdə pul çıxarılmasından ehtiyatlanıb.
Bir qayda olaraq büdcənin əsas icra yükü axırıncı rübə düşür. Noyabr-dekabrda birdən-birə büdcə vəsaitləri böyük həcmdə xərclənir. İlin sonudur, büdcənin icrası tam təmin olunmalıdır. Cənub-Qaz Dəhlizi layihəsi 10 faiz icra olunub. 2 milyarda yaxın pul icra olunmayıb, amma proses getməlidir. İlin sonuna kimi dollara təlabat yüksək səviyyədə olacaq".
Manatın hansı həddə qədər ucuzlaşacağı ilə bağlı proqnozunu açıqlayan iqrisadçı deyib ki, fövqəladə hadisə baş verməsə ilin sonuna dollar 1.80 olacaq: "Yəni neft qalxmasa, siyasi gərginlik olmasa ən aşağı rəsmi məzənnə 1.80 olacaq. Amma 2 manatdan da çox ola bilər. Burada əsas məsələ hökumətin nə etmək istəməsi ilə bağlıdır. Görəsən, ölkənin maliyyə kapitanları manatı ucuzlaşdırmaqda maraqlıdırlarmı?
Burada monetar siyasət həyata keçirən Mərkəzi Bankla fiskal siyasət yürüdən Maliyyə Nazirliyi arasında fikir ayrılığı yaranır. Mərkəzi Bank manatın məzənnəsinin saxlanmasına, inflyasiyaya məsuldur. Devalvasiyalarda ən çox zərbəni Mərkəzi Bank alır. Maliyyə Nazirliyi isə fiskal qurum olaraq büdcənin icrasına məsuldur. Milli valyuta ucuzlaşanda qiymətlər bahalaşır. Qiymətlər bahalaşanda isə vergi daxilolmaları artır. Maliyyə Nazirliyi manatın devalvasiyasında maraqlıdır. Hökumət də buna maraqlı görünür, çünki manat real dəyərini bazarda tutmayıb".