Rusiya prezidenti Vladimir Putin OPEC-in noyabr sammitində razılığa gəlinməməsinə bir səbəb görmədiyini və ölkəsinin neft hasilatını mövcud səviyyədə dondurmaqda maraqlı olduğunu ifadə edib.
Teleqraf.com-un məlumatına görə, Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq zirvəsindəki çıxışında sözünə belə davam edib: “Razılaşma olacaq, yoxsa olmayacaq - 100 faiz deyə bilmərəm, amma razılaşmaya güclü bir ehtimal var. OPEC daxilində fikir ayrılıqları hələ həllini tapmayıb, amma onları aradan qaldırmaq olar” .
Putinin sözlərinə görə, Rusiyanın neft hasilatını mövcud səviyyədə dondurmamasına bir səbəb yoxdur.
Rusiya prezidentinin açıqlaması neftin bahalaşmasını sürətləndirib. Brent nefti 1,3% bahalaşma ilə 47,48 dollara qalxıb.
“Shana” informasiya agentliyində yayımlanan xəbərə görə, İranın neft naziri Bijan Namdar Zangana OPEC üzvlərinin razılaşmasının “yüksək ehtimal” olduğunu deyib.
“Wall Street Journal”ın İraqın neft naziri Cabbar əl-Luabiyə istinadən verdiyi xəbərə görə, İraq OPEC-in siyasətinə uyğun hasilat planı təklif etməyə hazırdır.
OPEC səkkiz ildən sonra ilk dəfə istehsalı azaltmaq məsələsində razılığa gəlməyə çalışır, ancaq İranın istehsalı artırmaq öhdəliyi və İraqın IŞİD-lə apardığı müharibədən dolayı bu müqavilədən azad edilməyi istəməsi vəziyyəti mürəkkəbləşdirir (“Marja”).