Bu gün Mərkəzi Bankın keçirdiyi valyuta hərracında satılan ABŞ dollarının həcmi 8 dəfə artırılıb. Hərraca 300 milyon manat məbləğində dollar çıxarılıb və onun hamısı satılıb.
Fins.az hesab edir ki, hərraca çıxarılan valyutanın bir neçə dəfə artırılması Mərkəzi Bankın öz vəsaitlərini də satması ilə bağlıdır.
İndiyədək təşkil edilən hərraclarda ancaq Dövlət Neft Fondunun vəsaitləri satılırdı. Güman edilir ki, bu dəfə Mərkəzi Bank da hərraca vəsait çıxarıb.
Hərracdan sonra banklarda dolların alışı kəskin ucuzlaşıb. Hərracın sonunda dolların məzənnəsinin dəyişməməsi və bankların dollara olan tələbatının ödənilməsi əhalidən dollar alışına marağı azaldıb.
"Kapitalbank"da bu gün səhər dolların alış məzənnəsi 1.8435 manat idisə, axşamüstü 1.7742 manata düşüb. Nikoil Bank da alış məzənnəsinbi dəyişib. Səhər 1 ABŞ dollarını 1.8400 manata alan bank indi 1.8000 manata alır.
Qara bazarda da dolların məzənnəsinin düşdüyü bildirilir.
Hərraca dolların çıxarılması ilə manat 1-2 qəpik bahalaşa bilər. Bu fikri bölüşən ekspert Samir Əliyev açıqlamasında bildirib ki, amma bu müvəqqəti xarakter daşıyacaq. Çünki ümumi tendensiya manatın ucuzlaşmağa davam edəcəyini göstərir. Səbəb ondadır ki, həm Mərkəzi Bankın hazırki məzənnəsi, həm də qara bazardakı qeyri-leqal məzənnə manatın real qiyməti deyil.
Mərkəzi Bank hərraca çıxarılacaq valyutanın həcmindən asılı olmayaraq, manatın yumşaq ucuzlaşmasını davam etdirməlidir. Əks halda, kəskin devalvasiya riski yüksələ bilər.
Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 11-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Dolların rəsmi məzənnəsi bu günlə müqayisədə dəyişməyərək 1,7742 səviyyəsində müəyyən olunub.