12 Yanvar 2017 18:52
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə həyatı ilə bağlı demək olar ki, bütün məsələlərə münasibət bildirib, ötən ilin yekunlarını dəyərləndirib, 2017-ci ildə ölkəni gözlənilən proseslər barədə danışıb.

Müşavirəni dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, Prezident İlham Əliyev iclasda 2016-cı ildə cərəyan edən hadisələri, ölkənin sosial-iqtisadi və ictimai-siyasi vəziyyətini ətraflı təhlil edib, Dağlıq Qarabağ məsələsi ilə də bağlı əhatəli şəkildə öz fikirlərini bildirib: “Belə qənaətə gəlmək olar ki, ümumiyyətlə, 2016-cı ildə bütün dünyada böhranın dərinləşməsi ili olmasına baxmayaraq, Azərbaycan bir çox sahələrdə özünü və iqtisadiyyatını böhrandan maksimum qorumağa çalışıb, demək olar, buna nail ola bilib. Azərbaycanda iqtisadi inkişaf davam etməkdədir, ölkə qeyri-neft sektorunun inkişafına yeni maliyyə vəsaitləri ayırmaqdadır. Bunun nəticəsində 2016-cı ildə həm pambıq, həm barama istehsalı xeyli artıb. Ümumiyyətlə, torpaqlardan daha səmərəli istifadə edilməsi istiqamətində kənd təsərrüfatının uğurları diqqətçəkicidir. Bununla yanaşı cənab prezident qeyd etdi ki, bu sahəyə həm vəsait qoyuluşunu artırmalı, kiçik artellərin, fermer təsərrüfatlarının yaradılması işində adamlara kömək etməli, həm də xarici ölkələrin təcrübəsindən geniş istifadə etməliyik. Bu sahədə İsrail-Azərbaycan əməkdaşlığı nümunə gətirildi. Bildirildi ki, İsrail Azərbaycanda kənd təsərrüfatının yeni sənaye əsasları üzrə inkişafına hər cür yardım göstərməyə hazırdır və bu sahədə əməkdaşlığı genişləndirəcəyik”.

Q.Hüseynli qeyd edib ki, prezident həmçinin, real sektorun, ağır sənaye sahələrinin inkişafına da diqqət yetirib: “Sumqayıt sənaye parkının genişlənməsini, müxtəlif rayonlarda, məsələn Mingəçevirdə, Neftçalada, Gəncədə yeni sənaye parklarının yaranmasından və onun nailiyyətlərindən danışıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda maşınqayırma sənayesi yenidən dirçəldilir və Azərbaycan həm iri tonnajlı maşınlar, avtobuslar, həm də gələcəkdə minik maşınları istehsalına başlanacaq. Qeyd edildi ki, manatın devalvasiyasına baxmayaraq ölkə əhalisinin gəlirləri azalmayıb, əksinə biz maaşların, müavinətlərin, eləcə də pensiyaların artırılması hesabına əhalinin gəlirlərini stabilləşdirməyi bacarmışıq. Prezident maaş, pensiya və müavinətlərin artırılması siyasətinin davam etdiriləcəyini xüsusilə vurğuladı”.

Politoloq bildirib ki, prezidentin çıxışında bank sektoruna xüsusi diqqət yetirilib və bank sektoru ölkədə yaranan iqtisadi çətinliklərin əsas səbəbkarlarından biri, bəlkə də əsas səbəbkarıdır: “Elə bu səbəbdən bank sektoruna ciddi çəki-düzən verilməsi vacib şərtlərdən biri kimi ortaya çıxır. Prezident qeyd etdi ki, biz bu məsələyə daim diqqət yetirəcəyik. Bank sektorunun dünya standartları səviyyəsində yenidən qurulması üçün səylərimizi əsirgəməyəcəyik. Prezident eyni zamanda həm ölkə daxilində, həm də xaricdə maliyyə proseslərinə badalaq vurmağa çalışan, bu işi əngəlləməyə çalışan adamlara da ciddi xəbərdarlıq etdi və bildirdi ki, onların səyləri əbəsdir və biz bank sektorunda ciddi nizam-intizam yaradacağıq. Bu kontekstdə Prezident həmçinin ölkənin ixrac imkanlarından da geniş danışdı və bildirdi ki, ötən il Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə mane olmaq üçün Azərbaycan bir sıra təxribatlarla qarşılaşıb. Amma biz müstəqil və dəyanətli siyasət apardığımız üçün bu cür təxribatların qarşısını ala bilmişik. Bu təxribatlar qarşısında geri çəkilməmişik. Bəzi dairələr hətta Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsi üçün Azərbaycana çox ağır şərtlərlə maliyyə dəstəyi təklif ediblər. Amma Azərbaycan bunların heç birinə ehtiyac duymayıb. Çünki Azərbaycan layihənin tikintisini sürətlə aparır və ölkəmizin bu layihənin inşasını başa çatdırması üçün əlində lazım olduğundan da artıq maliyyə ehtiyatları var. Prezident onu da vurğuladı ki, bütün təxribatlara baxmayaraq Azərbaycan Avropa üçün bir nömrəli enerji təchizatçısı kimi qəbul edilir və bu məsələyə çox böyük ümidlə yanaşılır”.

Q.Hüseynli onu da bildirib ki, keçirilən müşavirə müəyyən çətinliklərə baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf tempinin qorunub saxlanıldığını və ölkəmizin 2017-ci ildə ciddi çətinliklərlə üzləşməyəcəyini nümayiş etdirib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər