Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2016-cı ildə “Gədəbəy” yatağından 65394 unsiya qızıl hasil edib.
“Report” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
Bu isə 2015-ci ildəki (72032 unsiya) hasilatdan 9% azdır. Hesabat ilində yataqdan mis hasilatı 1941 ton təşkil edib ki, bu da 2015-ci ildən 2 dəfə çox olub.
Ötən il 165131 unsiya gümüş hasil edilib. Bu isə əvvəlki ildəki hasilatdan 5,8 dəfə artıqdır.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.
Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.