Qarşılıqlı razılaşmaya əsasən bəzi pərakəndə ticarət obyektlərində istifadəyə yararsız hala düşmüş, saxlama və yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəricəsində keyfiyyətini itirmiş məhsullar pərakəndə ticarət obyektləri tərəfindən satışdan çıxarılaraq mal göndərən təşkilatlara geri qaytarılır.
Bu sözləri Teleqraf.com-a “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov söyləyib.
Azər Sərdarovun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən bu cür malların satışının qadağan olunduğunu nəzərə alsaq, istehsalçı, idxalçı və təchizatçı müəssisələr tərəfindən həmin malların geri yığılması başa düşülən deyil.
Bir sıra pərakəndə ticarət obyektləri isə bu halı malları geri qaytararaq dəyərinin əvəzləşdirilməsi, yaxud istifadəyə yararsız malların əvəzinə yararlı mal götürülməsi ilə izah edirlər. Bu hal iqtisadi münasibətlərdə, istehlakçıların hüquqlarının qorunmasında, rəqabətli bazar mühitinin yaranmasında da ciddi problemlər yaradır.
Azər Sərdarov bildirib ki, bir sıra pərakəndə ticarət obyektlərində yararsız hala düşmüş məhsulların geri qaytarılması mal göndərənlər tərəfindən istehsal tarixi, yararlılıq müdddəti dəyişdirilərək, bəzən hətta dəyişdirilməyərək, yenidən etiketlənərək təkrar pərakəndə ticarətə qayıtması ilə nəticələnir.
Azər Sərdarov təklif edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları” nın 4.8-ci bəndinə aşağıdakı 7 2-ci abzas əlavə edilsin: “Saxlama və yaralılıq müddəti ötmüş və istifadəyə yarasız hala düşmüş malların pərakəndə ticarət, ictimai iaşə və digər obyektlərdən mal göndərən sahibkarlıq subyektlərinə qaytarılması qadağandır. Bu malların adi qaydada yerində məhv edilməsi mümkün deyilsə, onlar məhv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu sahadə fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrə təhvil verilməlidir”.
İlhamə ƏBÜLFƏT