18 Yanvar 2017 14:03
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu öz işini davam etdirir. Sayca 47-ci olan foruma müxtəlif ölkələrdən 3 mindən çox nümayəndə qatılıb. Forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Forum zamanı 400-ə yaxın sessiya baş tutacaq. Sessiyalar 4 istiqamətdə keçiriləcək: qlobal əməkdaşlıq, kapitalizmin islahatları, qlobal iqtisadiyyatın canlanması və dördüncü sənaye inqilabına hazırlıq.

Forumun dünya və Azərbaycan üçün əhəmiyyətinə dair fikirlərini öyrənmək üçün müraciət etdiyimiz Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-a bildirib ki, Davos Forumunda artıq ənənəvi olaraq son illərdə Azərbaycan Prezidenti iştirak edir. Onun sözlərinə görə, forum dünyaya ölkəmizin strategiyasını çatdırmaq üçün mühüm platformadır: “Bu, Azərbaycanın iqtisadi sahədə önəmini çatdırması və dünyanın nüfuzlu ölkələri və şirkətlərini Azərbaycanla əməkdaşlığı davam etdirməyə çağırış üçün gözəl bir platformadır. Mənə elə gəlir, bu günlərdə dünyanın diqqəti forumda olacaq. Çünki gələcək iqtisadi inkişaf perspektivləri, yeni texnologiyaların istifadəsi, əməkdaşlıq strategiyaları müzakirə ediləcək. Dünyanın 70-ə yaxın önəmli siyasətçisi, ölkə başçıları forumda iştirak edirlər. Davos Forumunun Azərbaycan üçün ən əsas əhəmiyyəti ölkə iqtisadiyyatının diversifikasiyası üçün yeni tərəfdaşlar tapmaq, Azərbaycanın mövqeyini dünyaya çatdırmaq və ölkəmizin gələcək layihələrini gerçəkləşdirmək üçün tərəfdaşlarla birgə məsələləri müzakirə etməkdir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər