"Tam üzən məzənnə rejiminin əsas atributu odur ki, məzənnə tam olaraq bazar iştirakçıları tərəfindən müəyyən olunur. Cari ilin yanvarın 12-dən artıq valyuta hərracı yeni formatda keçirildi".
Bunu "APA"ya açıqlamasında Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.
Aftandil Babayev deyib ki, hərracın mexanizmi dəyişib: "Yeni format ondan ibarətdir ki, burada qiymətləri banklar müəyyən edir. Proses rəqabət üzrə, yəni dolların alınması üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur. Bu əsasda formalaşan orta çəkili məzənnə də avtomatik olaraq rəsmi məzənnə kimi cəmiyyətə təqdim olunur".
Aftandil Babayev qeyd edib ki, bununla da məzənnə tam liberal əsasda formalaşır: "Hərracların keçirilməsi bazarın tarazlaşmasına xidmət edir. Manatın orta çəkili məzənnəsi həm hərracdakı, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatların nəticəsi olaraq müəyyən olunur. Həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur.
Yəni əgər hərrac nəticəsində manatın orta çəkili məzənnəsi 1,8285 səviyyəsində müəyyən olunubsa, günün ikinci yarısında isə rəsmi məzənnə 1,8311 səviyyəsində elan edilirsə, bu o demək deyil ki, məzənnə inzibati yolla təyin edilir. Manatın orta çəkili məzənnəsinə yalnız hərracdakı qiymət deyil, o cümlədən hərracdan kənar əməliyyatların nəticələri təsir edir.
Bu gün formalaşan məzənnəyə hər hansı korreksiya olunmur. Tam üzən məzənnəyə keçid böyük sıçrayış olmadan başladı. Tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3% və 27%-dən yuxarı həddə baş verdi. Azərbaycanda isə 3,4% dəyişim olub.
Yeni şəraitə adaptasiya gözlədiyimizdən daha sakit və rəvan gedir. Bütövlükdə bazara və məzənnənin dinamikasına nikbin baxıram".