Ötən il noyabrın 30-da əldə edilən neft hasilatının azaldılması üzrə sazişin iştirakçısı 11 ölkə fevral ayında gündəlik 29,79 milyon barrel neft hasil edib. Bu da o deməkdir ki, OPEC neft hasilatının azaldılmasına dair sazişə 100 faiz əməl edib.
Teleqraf.com bloomberght.com-a istinadla xəbər verir ki, bu barədə OPEC-ə yaxın mənbələr məlumat verib.
Həmin mənbələr OPEC-in bütün məlumatları qiymətləndirməyə daxil etmədiyi səbəbindən hasilat rəqəmlərinin qurumun aylıq proqnoz hesabatındakı göstəricilərdən fərqli olduğunu bildiriblər.
OPEC-in martın 14-də açıqladığı proqnoz hesabatında isə neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə 111 faiz əməl edildiyi bildirilib. Həmçinin Səudiyyə Ərəbistanının götürdüyü öhdəliyə 135 faiz əməl etdiyi və səudiyyəlilərin fevral ayındakı gündəlik neft hasilatının 9,89 milyon barrelə düşdüyü qeyd edilir.