11 Aprel 2017 10:49
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Adriatik dənizindən keçməklə İtaliya ərazisinə daxil olan hissəsinin marşrutu dəyişdirilə bilməz.

Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, bunu İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda deyib.

Nazir qeyd edib ki, boru kəmərinin bu hissənin marşrutunun dəyişdirilməsi TAP-ın inşasının dayandırılmasına səbəb ola bilər və buna görə də marşrutda hər hansı dəyişiklik mümkün deyil.

Aprelin 6-da Latsio vilayət məhkəməsi TAP-ın tikintisi üçün İtaliya Ekologiya Nazirliyinin Apuliya regionunun Melendunyo şəhərində boru kəmərinin marşrutu üzərindəki zeytun ağaclarının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Bundan sonra zeytun ağaclarının köçürülməsi işləri dayandırılıb. Aprelin 19-da məhkəmənin təkrar iclası keçiriləcək.

Ötən həftələrdə isə İtaliyanın Dövlət Şurası TAP qaz boru kəmərinin tikintisinə icazə verib.

TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 35 faizdən çoxu icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq.

Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək.

Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).


Müəllif:

Oxşar xəbərlər