“Cənab prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı giriş və yekun nitq söylədi. Dövlət başçısı ilk növbədə qeyd etdi ki, Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər güclənib. İlin birinci rübündə 7 dövlət başçısının Azərbaycana səfər etməsi bir daha göstərir ki, Azərbaycan bu gün sözün həqiqi mənasında beynəlxalq birliyin diqqət mərkəzində olan və hörmətlə yanaşdığı dövlətlər sırasındadır”.
Bunu aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını Teleqraf.com-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib.
E.Nəsirovun sözlərinə görə, cənab prezident siyasi kontekstdə xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqama toxunub və qeyd edib ki, bu məsələdə Azərbaycanın dəyişməz mövqeyi var: “Ərazi bütövlüyü məsələsi heç bir halda danışıqlar predmeti olmayıb və olmayacaq. Prezident eyni zamanda söylədi ki, beynəlxalq birlik postsovet məkanındakı münaqişələrin həllinə fərqli yanaşmalar ortaya qoyur, bəzi münaqişələrlə bağlı çox dəqiq ifadələrdən istifadə edir. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox hallarda ikili standartlar özünü göstərir. Prezident bildirdi ki, halbuki, postsovet məkanındakı digər münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcud deyil, amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr var, lakin onlar icra olunmur. Bu ikili standartlar münaqişənin həllinə çox ciddi mənfi göstərir. Cənab prezident qeyd etdi ki, münaqişənin həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunun Ermənistana təzyiqləri artmalıdır”.
Müsahibimiz onu da bildirib ki, Prezident İlham Əliyev, həmçinin, Ermənistanın beynəlxalq aləmdə mövqelərinin daha da zəiflədiyini və İrəvanın öz addımları ilə özünü ifşa etməkdə olduğunu vurğulayıb: “Cənab prezident bu kontekstdə qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi “referendum”a toxundu və qeyd etdi ki, bu “referendum”u dünyanın heç bir ölkəsi, heç bir beynəlxalq təşkilat tanımayıb. Əslində bununla da Azərbaycanın ərazi bütövlüyü növbəti dəfə müdafiə olunub və təsdiqlənib. Əslində belə “referendumlar” Azərbaycanın xeyrinə işləyir. Çünki Azərbaycanın mövqeyi növbəti dəfə beynəlxalq aləmdə dəstəklənib, beynəlxalq birlik bu münaqişəyə ərazi bütövlüyü prinsipi üzrə qiymət verib. Cənab prezident Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsi kontekstində vurğuladı ki, fevral ayında Bakıda ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəislərinin görüşü keçirildi və dünyanın iki nəhəng dövlətinin belə bir mühüm görüşün keçirilməsi üçün Bakını seçməsi əslində Azərbaycana olan etimadın, inamın ifadəsidir. Eyni zamanda Azərbaycandakı sabitliyə, təhlükəsizlik mühitinə verilən qiymətdir. Azərbaycanın müstəqil xarici siyasət kursu həyata keçirdiyinə olan müsbət yanaşmanın ifadəsidir. Bütövlükdə, cənab prezidentin çıxışında bir daha əsaslandırıldı ki, 2017-ci il bütün parametrlər üzrə, o cümlədən siyasi nöqteyi-nəzədən Azərbaycan üçün çox uğurlu bir il kimi tarixə düşəcəkdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili isə 2017-ci ilin birinci rübünün iqtisadi göstəricilərinin xeyli nikbin olduğunu bildirib. Onun sözlərinə görə, hətta bir çox istiqamətlər üzrə proqnozları belə üstələyib: “Əslində bu uğurların bünövrəsi əvvəlki illərdə atılan addımlarla qoyulub. 2016-cı ildə cənab prezidentin iradəsi ilə həyata keçirilən dərin iqtisadi islahatlar öz nəticələrini 2017-ci ilin birinci rübündə göstərməyə başlayıb. Makroiqtisadi sabitliyin təmin olunması, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının genişləndrilməsi, ixracın artırılması, yeni iş yerlərini açılması – bütün bunlar cənab prezidentin 2016-cı ilin sonunda elan etdiyi hədəflər idi”.
T.Mirkişili bildirib ki, qısa müddət keçməsinə baxmayaraq bütün bu hədəflər üzrə müsbət nəticələrin əldə edilməsi aparılan iqtisadi siyasətin effektivliyindən və nəticə yönümlülüyündən xəbər verir: “Bu, həm də ölkədə yaradılmış əlverişli sahibkarlıq mühitinin öz bəhrələrini verdiyini göstərir. Bu nəticələr ölkə iqtisadiyyatının dayanıqlı və yeni iqtisadi artım mənbələri hesabına formalaşması fazasına daxil olduğunu göstərir. Keçən illərdə yeni iqtisadi artım mənbələrinin aktivləşdirilməsi və inkişaf etdirilməsi dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynadı. 2017-ci il bütovlükdə iqtisadi artım ili kimi proqnozlaşdırılıb. Sevindirici haldır ki, ilin ilk rübündə əldə olunan nəticələr qarşıya qoyulan hədəflərə çatmaqda bütün potensialn mövcud olduğunu nümayiş etdirdi”.
Səxavət HƏMİD