13 Aprel 2017 10:53
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-cı ilin 1-ci rübündə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 33 cinayət işi üzrə araşdırmalar zamanı 906,3 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Departamentin İstintaq idarəsində 141 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış cinayət işlərindən 31 iş üzrə 33 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

110 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 6 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 49 şəxsin məcburi qaydada gətirilməsi, 92 şəxsin tapılaraq istintaqa gəlmələri, 96 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 35 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər