“Bu il üçün neft hasilatının proqnozu illik 6 milyon 300 min tondur”.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov “Caspian Energy” jurnalına verdiyi müsahibədə deyib.
Direktorun sözlərinə görə, qaz hasilatının illik hasilat proqnozu isə 5 milyard 550 milyon kubmetrdir: “Hasilatın fəaliyyətsiz fondan alınacaq quyuların, texniki və geoloji tədbirlərdən alınacaq əlavə neftin, qazmadan alınacaq quyuların, yeni layihələndiriləcək su vurucu quyuların təsirinin və yeni texnologiyanın tədbiqinin hesabına artırılması proqnozlaşdırılır”.
Daşqın İskəndərov bildirib ki, birliyinin əsas məqsədləri hasilatın stabil saxlanması və artırılması üçün yeni özüllərin tikilməsi və qazmanın genişləndirilməsi olacaq: “Hasilatın stabil saxlanması əsasən yüksək perspektivli yataqlarda - Günəşli, “Bulla-dəniz”, Qərbi Abşeron kimi yataqlarda qazıma işlərinin davam etdirilməsi, yeni özüllərin tikintisi (“Bulla-dəniz” yatağında 12 saylı, Neft Daşları yatağında 620 saylı, Qərbi Abşeron yatağında 10 və 54 saylı) və yeni quyuların qazılmasına başlanılması, keçici fond quyuları üzərində geoloji-texniki tədbirlərin davam etdirilməsi, fəaliyyətsiz fond quyularının bərpası hesabına nail olunacaqdır.
Hasilatın stabil saxlanması və artırılması üçün yeni texnologiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə parafin çökməsinə qarşı həlledici üsul kimi yerli istehsalın tullantısı olan pirolizin yüngül qətranının tətbiqinin davam etdirilməsi, lift boruların təmizlənməsi üçün “padus qurğularının” istifadəsi genişləndirilməsi planlaşdırılır”.
İlhamə ƏBÜLFƏT