ABŞ-ın Pensilvaniya Universitetinin dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı hazırladığı beynəlxalq hesabat dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı mənzil-qərargahında təqdim edilib.
Teleqraf.com xəbər verir ki, hesabatın təqdimatı eyni zamanda dünyanın 100-dən artıq ölkəsində təşkil edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun sözlərinə görə, sözügedən sənədin beynəlxalq maliyyə qurumlarında, o cümlədən Dünya Bankında da təqdimatı həyata keçirilib:
“Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib. Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub”.
V.Bayramov qeyd edib ki, İSİM artıq 8 ildir Cənubi Qafqaz və Orta Asiya regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb:
“Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhfəsinin səviyyəsini göstərir. İSİM regionun aparıcı beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini, eləcə də Əfqanıstanı təmsil edən təşkilatlarla rəqabət aparıb”.
V.Bayramov əlavə edib ki, İSİM sözügeden hesabatda 23 kateqoriya üzrə dünyanın ən aparıcı beyin mərkəzləri siyahısına daxil edilib:
“Eyni zamanda təşkilatımız illik büdcəsi 5 milyon dollardan az olan beyin mərkəzləri arasında dünyada 4-cü olmaqla yanaşı, dünyanın 10 ən yaxşı idarə olunan beyin mərkəzidir. İSİM, həmçinin, düyanın ən güclü 15 müstəqil beyin mərkəzindən biridir. Biz qlobal enerji və resurs siyasəti üzrə də ilk 15-likdə yer almışıq”.