Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycan üçün iki önəmli məqsədi var.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, birinci məqsəd Azərbaycan Türkiyə ilə dəmir yoluyla birləşir, ikinci məqsəd isə Çinin Avropaya ixrac etdiyi yüz milyardlarla dollar malın bir hissəsi Bakı-Tiflis-Qars üzərindən köhnə qitəyə çatdırılır:
“Birinci məqsədə çatmışıq, bir müddət sonra Azərbaycan vətəndaşları qatarla qardaş ölkəyə səfər edə biləcək, dəmir yolu ilə ticarət mübadiləsinə start veriləcək. Ancaq ikinci məqsədə hələ çatmamışıq. Çindən xəbər yoxdur, bu ölkənin yüksək rütbəli rəsmilərindən kimsə Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimində də iştirak etmədi. Bu yaxınlarda iqtisadi inkişaf naziri Şahin Mustafayev böyük nümayəndə heyəti ilə Çində oldu, Bakı-Tiflis-Qars layihəsiylə bağlı bu ölkədə Türkiyə, Gürcüstan və Qazaxıstanın yüksək rütbəli məmurlarının da iştirakı ilə konfrans düzənləndi. Ancaq bu konfrans da hələ Pekini silkələməyib. Belə görünür ki, Pekin hələ Bakı-Tiflis-Qars dəmiryolundan istifadə edib-etməməklə bağlı qərar verməyib. Çinin bu qərarını uzatmasında Rusiya amilinin nə dərəcədə önəmli olub-olmadığı isə bir başqa sualdır”.