2018-ci ilin yanvar-may ayları ərzində Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 430,5 milyon dollar olub.
"Report"un Gürcüstan bürosu ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 50,7 faiz çoxdur.
Azərbaycan bu göstərici ilə Gürcüstanın əsas xarici tərəfdaşları sırasında 3-cü yerdədir.
Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında 1-ci yerdə Türkiyə qərarlaşıb. 2018-ci ilin yanvar-may aylarında Gürcüstan ilə Türkiyə arasında ticarət dövriyyəsi 714,8 milyon dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çoxdur.
Gürcüstanın əsas xarici ticarət tərəfdaşları sırasında ikinci yerdə 548,2 milyon dollarla Rusiya mövqe tutub. Bu iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ilin ilk 5 ayı ilə müqayisədə 24,5 faiz artıb.
Cari ilin ilk 5 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 4,896 milyard dolları keçib. Bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 24,5 faiz çoxdur.
Ölkənin xarici ticarət dövriyyəsində ən böyük artım may ayında qeydə alınıb. Bu ilin may ayında Gürcüstanda ixracat 2017-ci ilin may ayı ilə müqayisədə 50,2 faiz artaraq 323,3 milyon dollar təşkil edib.