Bakıya düşən dünənki yağış qəflətən şimal-qərb istiqamətindən hava kütləsinin Azərbaycana daxil olmasının nəticəsidir. Yəni Atlantik okeanı üzərindən gələn hava kütləsi paytaxta güclü yağıntı düşməsinə səbəb olub.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov Teleqraf.com-a açıqlamasında deyib.
O, son zamanlar yağıntının artmasını ümumi olaraq qlobal iqlim dəyişkənliyi ilə əlaqələndirib: “Son zamanlar Azərbaycanda yağıntıların ümumi miqdarında bəzi yerlərdə azalma, bəzi yerlərdə artma müşahidə olunsa da, əsas məsələ intensivliyin güclənməsi ilə bağlıdır. Belə desək ki, müəyyən ərazilərə qısa müddətdə daha çox yağıntının düşməsi müşahidə olunur.
Dünən Bakıya 21 mm yağıntı düşüb. Sentyabr ayında Bakıda yağıntıların orta aylıq miqdarı 15 mm-dir, bu isə ortaq aylıq yağıntıların miqdarından 6 mm çoxdur. Bu, orta aylıq yağıntının 140 faizi deməkdir”.
İqlimşünas alim qeyd edib ki, sentyabr-oktyabr aylarında belə hallar yenə təkrarlana bilər, çünki keçid fəslində həmişə xüsusi hadisələr baş verir.