4 Dekabr 2018 14:42
1 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) olaraq Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna edilən dəyişiklər mülki hüquqi müqavilə (xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştirakçıları üçün nə vəd etdiyini araşdırıb.

Teleqraf.com-a iqtisadçı Vüqar Bayramovun rıhbərlik etdiyi qurumun araşdırmasını təqdim edir:

“Vergi Məcəlləsinə artıq qəbul edilmiş dəyişiklərlə VÖEN-i olan vətəndaşların sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər sadələşdirilmiş vergi predmeti hesab edilməyəcək.

Beləliklə, növbəti ildən etibarən həmin şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxslər üzrə gəlir vergisi ödəyicisi hesab ediləcək. Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 101.3-cü maddəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün 20 faiz gəlir vergisi müəyyən edir, dəyişiklərə əsasən xidmət müqavilə ilə işləyənlər 2019-cu ilin əvvəlindən etibarən 20 faiz vergi ödəyəcək.

Lakin bu zaman iki əsas məqama diqqət etmək lazımdır:

1. Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

2. Yeni dəyişiklərə əsasən, məcəlləyə əlavə edilən 102.1.30-cu maddə mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlann sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizini vergidən azad edir.

Beləliklə yuxarıda qeyd edilən vergi ödəyicilərinin vergi borcu bu iki məqam nəzərə alınmaqla aşağıdakı düstur əsasında hesablanacaq:

Vergi öhdəliyi = (İllik gəlirlər – İllik xərclər) x 0.25 x 0.2.

Qeyd edək ki, xüsusilə də aylıq əmək haqqı ödənişlərinin xidməti müqavilələrlə əvəzləndiyi əksər hallarda vergi ödəyicinin hər hansı xərci olmayacaq ki, nəticədə vergi öhdəliyi yuxarıdakı düstura uyğun olaraq, lakin xərc maddəsində “sıfır manat” olmaqla aparılacaq.

Başqa sözlə, yuxarıda bəhs etdiyimiz 20% vergi dərəcəsi xidmət haqqının yerdə qalan 25%-lik hissəsinə tətbiq ediləcək.

Nəticədə xidməti müqavilə ilə işləyənlərlərin böyük çoxluğu xidmət haqqının ümumilikdə 5%-i həcmində vergi ödəyəcəkdir. Hazırda isə bu qrupa daxil olan çalışanlar Bakı şəhərində sadələşdirilmiş vergi ödəyicisi statusu ilə xidmət haqqının 4%-i, digər şəhər və regionlarda və NM Respublikasında 2% vergi ödəyirdilər.

Müqayisə üçün hazırda hesabına 500 manat məbləğində xidmət haqqı daxil olmuş işçi Bakı şəhərində fəaliyyət göstərdiyi halda 20 manat, regionlarda fəaliyyət göstərdiyi halda isə 10 manat məbləğində sadələşdirilimiş vergi ödəyirdi. Növbəti ildə isə bu şəxslər fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq 25 manat vergi ödəyəcəklər.

Belə ki, paytaxtda fəaliyyət göstərənlər aylıq vergi xərci 25%, regionlarda fəaliyyət göstərənlər üçün isə 1.5 dəfə artacaq.

Qeyd edək ki, yuxarıdakı hesablamalar xərc maddəsi sıfır manat olduğu hal üçün hesablanıb.

Üstün tərəflərinə gəlincə, yuxarıda qeyd edilən kateqoriyaya daxil və faktiki mənfəəti olmayan şəxslər vergi ödəməyəcəklər. Hazırda isə sadələşdirilmiş vergi mexanizmi subyektin xalis gəlirini və yaxud mənfəətinin nəzərə almadan tətbiq edilir.

Zəif tərəfləri isə budur ki, yeni dəyişiklər göründüyü kimi vergi ödəyicisi olaraq qeydiyyata alınmış və xidməti müqavilə əsasında regionlarda (əmək haqqı alan, xərc maddəsi sıfır manat olan) işləyənlər üçün 3 faiz bəndi (mövcud 2 faizdən 5 faizə), Bakı şəhərində işləyənlər üçün isə 1 faiz bəndi (mövcud 4 faizdən 5 faizə) artacaq.

Digər kateqoriyaya daxil olan, yəni xərc maddəsi sıfır manat olmayan sahibkarlıq subyektləri üçün isə mühasibatlıq işləri ciddi səviyyədə artacaq.

Dövlət sosial sığortası üzrə yeniliklərə diqqət edək. “Sosial sığorta haqqında” qanunun 14-cü naddəsinin yeni redaksiyası zamanı əlavə edilən 14.5.2. bəndinə əsasən 2019-cu ilin əvvəlindən etibarən sahibkarlıq fəaliyyəti göstərənlər üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 25 faizi miqdarında olacaq.

Qeyd edək ki, hazırda bu kateqoriyaya daxil olan şəxslər üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 20%-i miqdarındadır.

Müqayisə üçün deyim ki, hazırda gəlirin səviyyəsindən asılı olmayaraq sahibkarlıq (tikinti və ticarət sektoru xaric) fəaliyyəti ilə məşğul olan şəxslərin DSMF ödənişi maksimum 26 manat (regionlar üzrə müvafiq göstərici dəyişir) olduğu halda yeni ildən minimum orta aylıq əmək haqqı dəyişmədiyi təqdirdə 32.5 manat olacaq.

Beləliklə, qeyd edilən kateqoriyaya daxil olan şəxslərin DSMF xərcləri ümumilikdə 25% artacaq.

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər əmək bazarının iştirakçıları arasında diskriminasiyanı aradan qaldırmayıb. Müxtəlif sosial qruplar üzrə DSMF ödənişi üzrə kəskin fərqin olması sosial müdafiə mexanizmlərinin, xüsusilə də pensiya sisteminin maliyyə təminatını zəiflədir, əmək bazarının leqallaşması və vətəndaşların əmək hüquqlarının təmin edilməsi baxımından ciddi çətinliklərə səbəb olur.

Məsələn 1000 manatlıq əmək haqqı fondu üçün müvafiq ödəniş 25% (22% (işəgötürən) və 3 faiz (işçi)) olmaqla ümumilikdə 250 manat olduğu halda xidməti müqavilə ilə 1000 manat üçün DSMF ödənişi 26 manat (yeni ildən 32.5 manat) və bəzi hallarda isə daha azdır. Göründüyü kimi arada çox ciddi fərq var.

Eyni zamanda mülki hüquqi müqavilə əsasında çalışanların mdsf ödənişi ilə onun real gəlirləri arasında heç korelyasiya yoxdur. Yuxarıda göstərilən cədvəldən də göründüyü kimi, 500 manat və 1000 manat xidmət haqqı alan vətəndaş bərabər məbləğdə dsmf ödənişi həyata keçirir.

Qanunvericiliyə dəyişiklərin edilməsi zamanı yuxarıda sadalanan çatışmazlıqların aradan qaldırılması və xüsusi ilə gəlirlər ilə DSMF ödənişi arasında korelayasiyanın müəyyən edilməsi məqsədəuyğun idi.

Son olaraq qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər nəticəsində xidməti müqavilə ilə çalışanların (VÖEN almış və sahibkar hesab edilən şəxslər) məcburi dövlət sosial sığorta və vergi öhdəlikləri cari məbləğlə müqayisədə 25 faiz artacaq”.


Müəllif: Aytən

Oxşar xəbərlər