8 Dekabr 2018 14:50
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

OPEK-in toplantısı başa çatdı. Bu, böyük ajiotaj yaradan toplantı idi. Verilən qərara görə, OPEK hasilatı günə 800 min barel, OPEK-ə daxil olmayan, amma sazişə qoşulan ölkələr isə 400 min barel azaltsın.

Teleqraf.com xəbər verir ki. Bunu iqtisadçı Natiq Cəfərli deyib.

Ekspert qərara uyğun olaraq, ümumilikdə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılacağını bildirib:

“Bu, əslində içiboş qəradır, amma neft bazarında gündə fyuçers, yəni “kağız neft” satan 30-40 milyon naşı treyder bunu başa düşmədi, nəzəri müdaxilələrlə də qiyməti 5% artırdılar.

İlk növbədə, azalma oktyabr ayı göstəricilərinə görə olacaq. Həmin ay isə həm OPEK, həm də Rusiya rekord həddə neft hasil edib. Digər yandan, bu anlaşma işlək olsa, OPEK + ölkələr hasilatı 1,2 milyon barel azaltsalar belə, hasilatın həcmi bu ilin əvvəlindən 800 min barel çox olacaq. Yəni, hasilat yenə yuxarı hədlərdə qalacaq. Udan yenə ABŞ olacaq, çünki Amerikada hasilat tarixdə ən yüksək həddə çatıb.

Hətta ABŞ-da bu ay neft ixracı neft idxalını qabaqlayıb. Qiymət 60-70 dollar dəhilizində bir müddət qalsa, ABŞ-da hasilat yenə artacaq, bu da qiymətlərə növbəti basqı yaradacaq.

İran isə üzərinə heç bir öhdəlik götürmədi. Bu da İrana sərbəst hərəkət etmə imkanı yaradır.

Qənaətimə görə, OPEK-in hasilatı cəmi 800 min barel azaltması texniki səviyyədir, yəni zaman-zaman heç bir anlaşma olmadan belə OPEK-in hasilatında aydan-aya 1 milyon barel civarında oynaqlıq olur”.

Natiq Cəfərli hesab edir ki, OPEK + anlaşması bazarda bir müddət qiyməti yuxarı darta bilər:

“Amma fundamental iqtisadi faktorlar önə çıxan kimi, qiymətlər yenə aşağı enəcək. OPEC + hasilatı uzun müddətli azalda bilməz, bu mümkün və real deyil. Deməli, bir gün OPEK və Rusiyanın tutub-getdikləri “divar” sona çatacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər