24 İyun 2020 18:11
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyanın təsir etdiyi sahibkarlar güzəştli kreditlərdən birbaşa faydalanacaq. Azərbaycan hökuməti tərəfindən hazırlanan iqtisadi paket sahibkarlara kreditlər sahəsində dəstəyi nəzərdə tutub. Sahibkarlara dəstək iki istiqamətdə həyata keçiriləcək.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin depuatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, təsdiq olunmuş iqtisadi paketə əsasən martın 10-na qədər pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarların aldıqları kreditlərə 10 faiz subsidiya tətbiq ediləcək: “Nəzərə alaq ki, real sektorda orta kredit faizi 12 faizdir. Bəzi hallarda isə bu 14 faizə qədər yüksəlir. Nəticədə alınan kreditin faiz yükünün yüngülləşdirilməsi üçün böyük bir dəstək göstərilmiş olacaq. Çünki sahibkar krediti 14 faizlə götürübsə, onun 10 faizini dövlət subsidiya etmiş olacaq. Yerdə qalan cəmi 4 faizini isə sahibkar qaytarmış olacaq. 12 faizlə alınan kreditlərdə də yenə 10 faizi dövlət subsidiya edəcək ki burada da cəmi 2 faizi sahibkar ödəyəcək”.

Onun sözlərinə görə, nəticədə də bu sahibkarın kredit xərclərinin azalmasına gətirib çıxaracaq: “Burada söhbət 1 milyard manatlıq kreditə 10 faizlik subsidiyanın verilməsindən gedir. Bu istiqamətdə 100 milyon manat vəsait ayrılacaq. Məhz bu addımın atılması imkan verəcək ki, sahibkarlar kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkməsinlər. Dövlət çalışır ki, pandemiya dövründə sahibkarlar öhdəliklərini yerinə yetirməkdə xüsusi çətinliklərlə rastlaşmasınlar”.

Vüqar Bayramov vurğulayıb ki, sahibkarlara bu istiqamətdə vergi güzəştləri də tətbiq edilib: “Bu da birbaşa sahibkarların xərclərini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən sahibkarlara 500 milyard manatlıq güzəştli kredit təklif olunur. Bu kreditlərin 60 faizinə də dövlət zəmanət verir. Nəticə etibarı ilə bu imkan verəcək ki, pandemiyanın təsir etdiyi sektorda çalışan sahibkarlar həmin güzəştli kreditlərdən birbaşa faydalana bilsinlər. Bu da sahibkarlara kredit əldə edərək post pandemiya dövründə öz fəaliyyətlərini genişləndirmək imkanı qazandıracaq. Bu baxımdan da iki formada tətbiq edilən kredit güzəştləri sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi məqsədi daşıyır. Onların kredit resurslarına çıxış imkanlarını, kredit xərclərinin azalmasına xidmət edir”.

Deputat vurğulayıb ki, pandemiya dövründə sahibkarların birbaşa dövlət maliyyəsi ilə yanaşı eyni zamanda təşviqedici dəstək alması mühüm amildir: “Dövlət sahibkarların xərclərinin azaldılması, kredit resurslarına çıxış imkanlarının artırılmasını özündə əks etdirən itisadi paketi icra etməyə başlayıb. Bu da sahibkarların dövlət tərəfindən dəstəklənməsinə imkan verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər