4 İyul 2020 09:38
1 848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə neft qiymətləri tarixin ən aşağı səviyyəsinə düşdü. ABŞ-dan sonra dünyanın ən çox neft istehlak edən ikinci ölkəsi olan Çin bunu fürsətə çevirib. Okean və dəniz üzərindəki trafiki izləyən “Clipper Data”ya görə, Çinin şimal sahilindəki dənizdə 59 tanker gözləyir. Bu da bölgədəki trafikin sıxışmasına səbəb olub.

Məlumata görə, Çin qiymətlərin daha çox düşdüyü mart və aprel aylarında 73 milyon barel xam neft alıb və indi bu həcmləri gəmilərdə gözlədir. Ehtiyac olduqca tankerlər yüklərini boşaldacaq. Çinin satın alıb yığdığı bu həcm dünyadakı gündəlik tələbin dörddə üçünə bərabərdir.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a bildirib ki, iyunda may ayına nisbətən bazarda neftin qiymətinin 30% bahalaşdığı müşahidə edilib: “Bu baxımdan iyun ayı bazarda çox stabil bir göstəricilər olub. Neft 40 dollar və ondan bir qədər az yüksək səviyyə ətrafında orta qiymətə malik olub. İlin əvvəlində hələ heç zaman neft qiymətləri 1 ay ərzində bu qədər stabillik nümayiş etdirməmişdi. Bu da bazarlardan izafi neft həcmlərinin yığışdırlması, o cümlədən OPEC+ çərçivəsində atılan addımlar və ABŞ-da neft hasilatının azaldılmasının nəticəsi idi”.

Bundan sonrakı dövrdə neft qiymətlərinin 45-50 dollara qədər artımına ümid etmək olarmı?

Analitik deyir ki, bu vəziyyət ancaq tələbatın artması ilə baş verə bilər: “Hazırda tələbatın artmasını müşahidə etmirik. Çünki insanların hərəkətinin əvvəlki səviyyədə bərpası gündəmdə yoxdur. Ölkələr arasında, hətta Avropada belə, əlaqələrin açılması ona dəlalət etmir ki, neft qiymətləri kifayət qədər artsın. Uçuşların olması o demək deyil ki, hər şey əvvəlki qaydada davam edir. Tutaq ki, əvvəllər Bakı-İstanbul istiqamətində 10 təyyarə uçuşu həyata keçirilirdisə, indi bu say həftədə iki dəfəyə endirilib.

Bənzər mənzərə dünya üzrə də var. Buna görə də pandemiyanın fəsadları aradan qalxmayınca, neft və neft məhsullarına olan tələbatın əvvəlki səviyyəyə çatdırılması çətin olacaq”.

Analitik bildirib ki, anbarlardakı tələbatdan artıq neft həcmləri bazarlardakı vəziyyətə təsir edir: “Rusiya Energetika naziri Aleksandır Novak hesab edir ki, bərpa prosesi 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlinə qədər uzana bilər. Proses uzandıqca neftin qiymətində volenterlik də qalacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər