21 İyul 2020 16:05
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dollara tələbatın artması manat üzərində təzyiq formalaşdırır.

Bunu Teleqraf.com-a iqtisadçı-alim Fuad İbrahimov deyib.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. ABŞ dollarına tələb iyulun 16-na nisbətən 2,9 milyon ABŞ dolları və yaxud təxminən 5,1% artaraq 59,3 milyon ABŞ dolları təşkil edib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

İqtisadçı bildirib ki, karantin dövründə iqtisadiyyatda baş verən durğunluq və tənəzzül davam edir: “Ölkəyə idxal olunan mallarda fasilə yaranmışdı. Sahibkarlar ölkəyə gətirilən əmtəələrlə bağlı daha çox gözləmə mövqeyinə keçmişdilər. Azərbaycan kifayət qədər qida və qeyri-ərzaq məhsulları idxal edir. Müəyyən bir dövrdə idxal-ixrac əməliyyatlarında fasilələr baş verdi, artıq həmin malların yeri dolmalıdır. Çünki xalqımız idxal olunan əmtəələrdən istifadə edir.

Bir müddət yaranan boşluqdan sonra hazırda idxal olunan mallarla bağlı aktivləşmə baş verib. Dollara olan tələbin artmasının xüsusi çəkisi məhz bunun üzərindədir. Getdikcə tələbat artacaq, nəticədə manata müəyyən təzyiqlər yarana bilər”.

Analitik qeyd edib ki, hazırda iqtisadiyyatın sıxılması nəticəsində biznes aktivliyi minimuma enib: “İctimai iaşə, xidmət və turizm sektorunun fəaliyyətləri iflic olub, o cümlədən istehsalda azalma var. Bu, bütün dünyada baş verib, həmçinin Azərbaycanda da. Paralel olaraq neftin qiyməti də aşağı düşüb.

Əgər dollara tələb artsa, eyni zamanda ölkəyə idxal olunan mal və məhsullar ixrac əməliyyatlarını üstələsə, kapital axını çoxalacaq, nəticədə gəlir azalacaq. Belə olan halda, əlbəttə, manat təzyiq altında olacaq. Devalvasiya vəziyyəti gündəmə gələcək”.


Müəllif: Yeganə Oqtayqızı